10 oktyabr 2023 00:58
671

Bircə dəfə baş vermiş 6 unikal hadisə

Dünyamız möcüzəsiz deyil. Bəzən heyrətamiz hadisələr olur, hələ üstəlik təkrarlanırda. Məsələn, Missisipinin bir müddətdən bir məcrasını dəyişərək başqa yolla getdiyini bilirdinizmi? Ancaq yalnız bir dəfə baş verən həqiqətən unikal hadisələr də var.

Pivə seli

“Batıram! Biri məni xilas etsin! “Jiquli” pivəsində boğulub ölürəm…” – Sergey Mixalkovun nağılındakı hiyləgər siçanla bağlı vəziyyət 19-cu əsrin əvvəllərində London sakinlərinin başına gəlib.

1814-cü ilin oktyabrında Tottenham Kort yolundakı pivə zavodunda pivə çəni partladı və digər çənlərdə zəncirvari qəza yarandığı üçün nəticədə küçəyə tökülən 1,5 milyon litr əla köpüklü pivə dalğası divarları uçurub, binaları dağıtmışdı.

Pivə daşqınları nəticəsində 9 nəfər- onlardan 8-i boğularaq, biri isə spirtli içkidən zəhərlənərək ölmüşdü. Hadisə təbii fəlakət elan edildi və zərərçəkənlər istehsalçıdan heç vaxt kompensasiya ala bilmədilər.

1859-cu il geomaqnit qasırğası

İngilis astronomu Riçard Karrinqton 1859-cu il sentyabrın 1-də ən azı son 500 ilin ən güclü geomaqnit qasırğasına səbəb olan günəş alovlarını müşahidə edib. Nəticə isə qəribə olmuşdu: Avropa və Şimali Amerikada bütün teleqraf şəbəkələri sıradan çıxdı və şimal işıqları bütün dünyada, hətta Karib dənizində də müşahidə edildi.

İşıq o qədər parlaq idi ki, çoxları səhər olduğuna inanaraq oyanırdı. Bir tərəfdən bu gözəlliyi müşahidə edənlərə həsəd aparmaq olar, digər tərəfdən isə meteohəssas insanlar bunu yaşamaq məcburiyyətində qalmadıqlarına sevinirdilər, çünki hava o vaxt həddindən artıq əlverişsiz idi.

Çiçək xəstəliyinə necə son qoymalı?

1967-ci ildə bəşəriyyət qarşısına məqsəd qoydu: ildə 2 milyon insanın həyatına son qoyan, sağ qalanları isə eybəcər hala salan çiçək xəstəliyindən əbədi olaraq xilas olmaq. Bu isə 10 ildən çox çəkmişdi. Sonuncu Çiçək xəstəliyi 1978-ci ildə qeydə alınıb və 1979-cu ildə xəstəliyin rəsmi olaraq kökünün kəsildiyi elan edilib. Tibb aləmində bu, bu günə qədər insanların tamamilə, birdəfəlik xilas ola bildiyi yeganə xəstəlikdir.

İki buz nəhənginə yaxınlaşma

Günəş sistemimizdə buz nəhəngləri sinfindən cəmi iki planet var - yəni su, ammonyak, metan, hidrogen sulfid və qayalardan ibarət - Uran və Neptun. 1977-ci ildə Uran (1986-cı ildə) və Neptuna (1989-cu ildə) çatan ilk və indiyə qədər yeganə olan Voyager 2 kosmik gəmisi buraxıldı.

Voyager 2 sayəsində Uranın atmosferinin 85% hidrogen və 15% helium olduğunu, buludların altında 800 km uzaqlıqda qaynayan okean olduğunu bilmiş olduq. Voyager 2 Neptun ətrafında səyahət edərkən peyklərindən birində aktiv qeyzerlər müşahidə edilmişdi.

Bunu təsəvvür edə bilərsinizmi?

Piyadaların müşayiəti ilə süvarilərin 850 silah və bir neçə ticarət gəmisi olan 14 döyüş gəmisi donanmasını ələ keçirməsini təsəvvür edə bilərsinizmi? Ancaq bu, baş verib. 1795-ci ilin yanvarında Hollandiya donanması Amsterdam yaxınlığında lövbər salır. Qış qarlı keçdiyi üçün, dəniz buzla örtülür və gəmilər sözün əsl mənasında donur. Bu, əlverişli şərait isə təşəbbüskar fransızlara düşməni ələ keçirməyə kömək edir.

Quru Niaqara şəlaləsi niyə bu qədər cəlb edicidir?

Hər saniyədə Niaqaradan təqribən 567 min litr su aşağı enir. Ancaq ora 1969-cu ilin yayında getsəydiniz, heç bir möhtəşəm su şəlaləsi görməzdiniz. Belə ki, həmən vaxt eroziyaya qarşı mübarizə işləri nəticəsində şəlalə bir neçə ay qurudu. Düzdür, bu, turistlərin marağını heç də azaltmadı, əksinə ilk quru həftə sonu Niaqara şəlaləsinə təxminən 90 min insan gəldi. Bəziləri hətta qurumuş çay yatağı ilə gəzməkdən belə həzz alırdılar.

Nubar Süleymanova, “İki sahil”