Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş "2022-2026-cı illər üzrə Sosial-iqtisadi İnkişaf Strategiyası"nın Tədbirlər Planında Azərbaycan Metrologiya İnstitutunda (AzMi) bu ilin sonuna qədər yeni etalon laboratoriyalarının sayının 20-yə çatdırılması nəzərdə tutulub.
“İki sahil” xəbər verir ki, bunu Bakıda Ümumdünya Standartlar Günü ilə əlaqədar keçirilən tədbirdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli bildirib.
O, qeyd edib ki, 2021-ci ildə Ankara şəhərində keçirilmiş, Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasında qəbul olunmuş Fəaliyyət Planında Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının Milli Metrologiya İnstitutunun (TÜBİTAK UME) Azərbaycan Metrologiya İnstitutunda 27 laboratoriya qurmasına dair təklif yer alıb və bu istiqamətdə fəaliyyətə başlanılıb: "Ötən il AzMİ ilə TÜBİTAK UME arasında metrologiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Eyni zamanda, Hökumətlərarası Komissiyanın 9-cu iclasının Protokolu çərçivəsində Türkiyə Akkreditasiya Qurumu (TÜRKAK) ilə Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) arasında Anlaşma Memorandumuna imza atılıb. Anlaşma çərçivəsində TürkAK tərəfindən AzAK-ın Beynəlxalq Laboratoriyaların Akkreditasiya Əməkdaşlığı Təşkilatına (ILAC) tam həqiqi üzv olması məqsədi ilə texniki yardım göstərilməsi nəzərdə tutulub".
"Həmçinin Texniki tənzimləmə sisteminin beynəlxalq tələblərə uyğun formalaşdırılmasına dair qanunvericilik və institusional sahədə konkret tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Belə ki, "Texniki tənzimləmənin şamil olunduğu malların Siyahısı"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı layihəsi təkliflər əsasında yenidən işlənilməklə təkmilləşdirilib. Eyni zamanda, texniki tənzimləmənin şamil olunduğu mallara dair texniki reqlamentlərin qəbulu məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən Avropa İttifaqında qüvvədə olan aidiyyəti direktivlərin ilkin siyahısı hazırlanıb və hökumətə təqdim olunub", - deyə M.Abbasbəyli bildirib.