12 oktyabr 2023 23:58
728

Heyrətamiz ənənələr

Müxtəlif ölkələrdə öpüşməyə fərqli yanaşırlar. Bəzi yerlərdə öpüşən cütlüklərə heç kim fikir verməz, bəzi yerlərdə isə polisə zəng edər və hətta onları məhkəməyə verə bilərlər. Sizə dünyanın müxtəlif ölkələrində öpüşlər haqqında mövcud olan ən qeyri-adi ənənələrdən danışmaq istəyirik:

Tailand

Bu Asiya ölkəsində ictimai yerlərdə hissləri nümayiş etdirmək qadağandır. Tailand filmlərində və televiziya şoularında belə insanların öpüşdüyünü və ya qucaqlaşdığını görməyəcəksiniz. Burada ən yaxşı halda edə biləcəyiniz şey əl-ələ tutmaqdır. Amma bu o demək deyil ki, tailandlılar mütləq öpmək üçün gizlənir. Ölkədə öpüşmənin “hom” adlanan qeyri-adi alternativi var. Ölkə sakinləri sadəcə olaraq başqa bir insana burnunu yaxınlaşdırır və adətən çiçəyi qoxuyan kimi onun dərisinin iyini içinə çəkirlər. Bu ənənə başın toxunulmazlığının qədim kultu və şəxsi məkana hörmətlə bağlıdır. Taylar qəti şəkildə inanırlar ki, baş insanın müqəddəs hissəsi və ruhunun oturacağıdır. Ona görə də ona yaxınlaşa bilərsən, amma toxunmamalısan!

İspaniya

İspaniyada isə əksinə, əsl öpüş kultu var. Burada qarşılaşarkən ​​hətta tamamilə bir-birini tanımayan adamlar belə salamlaşma kimi öpüşə bilər. Ancaq ispan öpüşlərinin əcnəbilərin ümumiyyətlə, bilmədiyi kiçik bir sirri var. Salamlaşma zamanı edilən “dos besos” (“iki öpüş”) əsl öpüşlər deyil, sadəcə onların təqlididir. İspanlar sözün hərfi mənasında görüşəndə ​​öpüşmürlər, yalnız bir-birlərinin yanaqlarına toxunurlar və bu anda dodaqları ilə öpüş səsini təqlid edirlər. Əvvəlcə sağ yanağa, sonra isə sola toxunurlar.

İtaliya

İtalyanlar yad adamlarla və ya sadəcə dostlarla öpüşmürlər - bu ölkədə onlar yalnız sevdikləri və ən yaxın dostları ilə görüşəndə ​​dodaqlarına sərbəstlik verirlər. Hətta kişi dostlar da öpüşə bilər - bunda qəribə bir şey olduğunu düşünmürlər. Kişilər arasında öpüşün Roma İmperiyasının mirası olduğuna inanılır. Qədim dövrlərdə Apennin yarımadasının sakinləri mühüm müqavilələri öpüşlə möhürləyirdilər, buna görə də italyan siyasətçiləri xarici həmkarları ilə öpüşməyi çox sevirlər.

İntibah İtaliyasında öpüşlər xüsusi rol oynamışdır. Maskaradlar zamanı insanları tanımadan, qorxmadan onlar incəliyini ifadə edə bilər və hava qaraldıqdan sonra maskasız öpüşməyə davam edə bilərlər. Bayramlarda öpüşmək adəti, müəyyən günlərdə açıqlığın uğurlar gətirə biləcəyi və bəlalardan qoruya biləcəyi inancı ilə əlaqələndirilir.

Şotlandiya

Şotlandlar təmkinli və hətta deyə bilərik ki, hisslərini ifadə etməkdə xəsis insanlardırlar. Ancaq qaydalara istisnalar da var. Şotlandiya sakinləri Yeni il gecəsini atəş şouları və təntənəli kortejlərlə qeyd edirlər və eyni zamanda qarşıdakı bütün il üçün öpüşürlər. Yerli adətlərə görə, Yeni il insanları birləşdirən, barışdıran bayramdır və yaxınında olan hər kəsi öpmək lazımdır.

Adət-ənənəyə uyğun olaraq, şotlandlar cinsindən və yaşından asılı olmayaraq, çata bildikləri hər kəsi məmnuniyyətlə öpürlər. Bu, çox yaxşı bir ənənədir, çünki Yeni il tətillərində hətta çox tənha insanlar özlərini tərk edilmiş və lazımsız hiss etmirlər - hər kəs üçün kifayət edəcək qədər öpüş var.

Misir

Əksər müsəlman ölkələrində olduğu kimi Misirdə də yad adamların qarşısında sevgi nümayiş etdirməyin sonu pis ola bilər. Cütlük sadəcə qucaqlaşsa belə, polis kişi və qadının evli olduğunu təsdiq edən sənədlər tələb edə bilər. Turistlər bu zaman günahsız hesab edilsələr də, risk etməmək daha yaxşıdır.

Kütləvi məkanda öpüş böyük cərimədən tutmuş həbsə qədər xoşagəlməz nəticələrə səbəb olur. Ancaq bütün bunlar əks cinslərə aiddir. Misirdə oğlanlar görüşəndə ​​adətən üç dəfə öpüşür və qucaqlaşırlar ki, bu da ətrafdakılarda heç bir emosiya oyatmır.

Yeni Zelandiya

Bu uzaq ada ölkəsində “Hongi” adlı çox gözəl bir adət var. Bu, Yeni Zelandiyanın yerli xalqı olan maori xalqının min illərlə tanınan ənənəvi salamıdır. Hongi zamanı insanlar üzlərini bir-birinə yaxınlaşdıraraq burunlarına və alınlarına toxunurlar. Beləcə insanlar “nəfəslərini paylaşırlar” ki, bu da hörmət və sevgi əlaməti sayılır.

Dünyanın bir çox digər yerlərində yaşayan yerli xalqların da “hongi”yə bənzər salamı var. Yeni Zelandiyaya nisbətən yaxınlıqda yaşayan polineziyalılarla dünyanın o tayında yaşayan eskimoslar da belə öpüşürlər.

Nubar Süleymanova, “İki sahil”