Yaş irəlilədikcə əbədi gənclik arzusu həmişəkindən daha kəskin olur. Bəs cavan qalmağın sirri bahalı kremlərdə və ya mürəkkəb prosedurlarda deyil, yediyimiz qidadadırsa necə?
Son araşdırmalar göstərir ki, gündəlik rasionumuza daxil olan bəzi qidalar gəncliyin, uzunömürlülüyün və yüksək idrak funksiyasının açarı ola bilər. Antioksidantlar, xlorofil və omeqa-3 yağ turşuları ilə zəngin olan bu qidalar qocalmanın qaçılmaz təsirləri ilə mübarizə aparmaq üçün təbii bir həll rolunu oynayır.
Göyərtilərin gücü: Erkən yaşlanmaya qarşı
Tünd yarpaqlı göyərtilər tərəvəz səltənətinin “super qəhrəmanlarıdır”. A və C vitaminləri, minerallar və bioaktiv maddələrlə zəngindirlər. Misilsiz enerji ilə vaxtından əvvəl qocalmağa müqavimət göstərirlər. Kələm və ispanaq kimi zəngin yarpaqlı göyərtilərdə bol olan xlorofil sərbəst radikallara qarşı əsas qorumanı təmin edir. Bu bitkilərin tərkibində dərini ultrabənövşəyi şüaların zədələnməsindən qoruyan və kollagen istehsalını təşviq edən lutein də var. Bu kateqoriyaya həmçinin pazı, vəzəri, brokoli, yaşıl çay, şirin kartof və qırmızı bolqar bibəri daxildir ki, bunların hamısı dərinin möhkəmliyini və elastikliyini artırmağa kömək edir.
Faydalı yağlar: Gənc dəri üçün təbiətin xəzinəsi
Kokos və zeytun kimi bitki əsaslı yağlar gənc dəri üçün açardır. Hind qozu yağı piqment ləkələrini yox edir, zeytun yağı dərini daha dərin nəmləndirməyə kömək edir. Zeytun yağı və avokado yağı Alzheimer xəstəliyi və demensiya kimi neyrodegenerativ xəstəliklərin inkişaf riskini azaltmaq xüsusiyyətinə də malikdir.
Paxlalılar: Parlaq dəriyə “təvazökar”, lakin güclü müttəfiqlər
Paxlalı bitkilər lif, protein, B vitamini ilə olduqca zəngindir. Antioksidantla zəngin qara lobyadan tutmuş kollageni yaradan mərciməyə və noxuda qədər paxlalılar parlaq dərinin “dostlarıdır”.
Qoz-fındıq və tumlar: Qidalandırıcı effekt
Qoz-fındıq və tumlar qidalı maddələrlə bol zəngin teksturaya malikdir və dərini qidalandırırlar. Badam, qoz, Braziliya qozu və digər quru meyvələr dərinizi nəmləndirən və günəşdən qoruyan vitaminlər və antioksidantlarla zəngindir. Tarixən tibbdə istifadə edilən nar tumları dəriyə də əhəmiyyətli faydalar verir.
Fermentasiya edilmiş qidalar: Bağırsaq sağlamlığı və dərinin cavanlaşması üçün qədim hikmət
Fermentasiya olunmuş qidalar uzun əsrlər boyu bəşər sivilizasiyasının bir hissəsi olmuşdur və onların sağlamlıq faydaları danılmazdır. Antioksidantla zəngin miso şorbasından dərini möhkəmlədən kombuçaya qədər bu qidalar bağırsaq sağlamlığını və dərini gəncləşdirir.
Meyvələr: Yaşlanma əleyhinə qüvvə
Papaya və qaragilə qocalmağa qarşı dura bilən meyvələr arasında mərkəzi yer tutur. Antioksidantlar və həyati vacib vitaminlərlə zəngin olan bu meyvələr sərbəst radikalların zərərli təsirləri ilə mübarizə aparır və dərinin parlaq, gənc görünməsinə kömək edir.
Bu altı kateqoriyanı gündəlik rasionunuza daxil etmək həm içəridə, həm də xaricdə cavanlaşma, parlaqlıq və sağlamlığa yol aça bilər. Bəs bu halda nə üçün təbiətin qüdrətindən istifadə etməyək və yediyimiz yeməklər vasitəsilə gənclik çeşməsini kəşf etməyək?
Nubar Süleymanova, “İki sahil”