Açıq dənizlərə birbaşa çıxışı olmamasına baxmayaraq, hazırda ölkəmiz beynəlxalq Avrasiya nəqliyyat mərkəzlərindən birinə çevrilmişdir
Əlverişli coğrafi mövqeyə, zəngin təbii sərvətlərə və enerji ehtiyatlarına malik Azərbaycan bu gün artıq özünü qlobal əhəmiyyətli enerji layihələrinin müəllifi kimi tanıtmış, coğrafi üstünlüyündən faydalanaraq Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən nəqliyyat qovşağı və logistik mərkəzə çevrilmişdir. Ölkənin əlverişli geostrateji mövqeyi keçən 20 ilə yaxın dövr ərzində irimiqyaslı layihələrin həyata keçirilməsinə, nəqliyyat-kommunikasiya infrastrukturunun müasir tələblərə cavab verən səviyyəyə çatmasına imkan vermişdir. Azərbaycanın təşəbbüskarı və birbaşa iştirakçısı olduğu regional və qlobal enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi enerji və yük daşımaları sahəsində səmərəliliyi artırmaqla yanaşı, bütövlükdə regionun inkişafına müsbət töhfə verməkdədir. Azərbaycan Böyük İpək Yolu regionunun, o cümlədən Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərlərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin, TANAP və TAP qaz boru kəmərlərinin qurulmasında fəal iştirakçılardan olmuş, Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində qaz kəmərləri vasitəsilə bu dəhlizin enerji komponenti təmin edilmişdir.
Regionun əsas nəqliyyat və logistika mərkəzlərindən biri kimi Azərbaycan ərazisindən keçən Şərq-Qərb nəqliyyat dəhlizi Avropa və Asiya qitəsini birləşdirən ən qısa nəqliyyat marşrutudur və Çin-Qazaxıstan sərhədindən Avropa arasında yükdaşımalarda mühüm əhəmiyyətə malikdir. Bu marşrut xətti yükdaşımaların vaxtına, həmçinin yükdaşımalara çəkilən xərclərə qənaət etməyə imkan verir. Marşrutun ölkəmiz üçün üstünlüklərinə gəldikdə qeyd etmək lazımdır ki, Azərbaycanın tranzit potensialından maksimum istifadə olunmaqla tranzit imkanlarını artırmaq, xüsusilə də Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə daşınacaq yükün həcminin artırılması və bu sahədə öz rəqabətqabiliyyətliliyini yüksəltmək üçün mühüm addımdır.
“Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi özünü təsdiqləyib”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında noyabrın 3-də Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə çıxışında deyib. Dövlət başçısı həmçinin bildirib ki, Azərbaycan Şərq-Qərb Nəqliyyat Dəhlizinin dayanıqlı fəaliyyətinə öz dəyərli töhfəsini verir.
Şərq-Qərb nəqliyyat dəhlizi layihəsinin aktuallaşmasını şərtləndirən bir sıra amillər vardır. Dünyanın ən mühüm su yollarından biri, dünya ticarət yüklərinin 12 faizindən çoxunun daşınması Süveyş kanalının payına düşür. Son illər kanalın darlığı səbəbindən müəyyən problemlər ortaya çıxır. Bu da öz növbəsində alternativ marşrutların inkişaf etdirilməsi məsələsini gündəmə gətirmiş olur.
Orta Dəhliz bu alternativlərdən biridir. Orta Dəhliz həm Böyük İpək Yolunun bərpası prosesinin sürətlənməsi istiqamətində atılmış mühüm addımdır, həm də təklif edilən alternativlər ilə müqayisədə bir sıra üstünlüklərə malikdir. Məsələn, Çindən birbaşa Avropa ölkələrinə əsas yük daşıma Rusiya ərazisindən keçməklə Trans-Sibir tranzit xətti ilə həyata keçirilir. Trans-Sibir dəmir yolu ilə müqayisədə Orta Dəhliz 2000 km daha qısadır və daha əlverişli coğrafi-iqlimə malik ərazilərdən keçir. 5400 km-lik Şərq-Qərb nəqliyyat dəhlizi boyunca orta tranzit müddəti 15 gündür. Ənənəvi dəniz yolu ilə müqayisədə isə bu marşurtla yükləri Çindən Avropaya 3 dəfə daha az müddətə çatdırmaq mümkündür. Bir sözlə, Şərq-Qərb nəqliyyat dəhlizi Çin və Avropa arasında ən qısa marşrutdur.
Qeyd edək ki, “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizində yüklərin 50 faizi dəmir yolu nəqliyyatı ilə həyata keçirilir. Bu koridor vasitəsilə yüklər Avropaya iki istiqamət üzrə nəql edilir: Gürcüstanın Poti və Batumi limanları vasitəsi ilə və Bakı-Tbilisi-Qars dəmir yolu ilə. Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Uzunluğu təxminən 850 kilometr olan yolun 504 kilometri Azərbaycan ərazisindən keçir. Bu da Azərbaycanın dəmir yolu nəqliyyatının təkmilləşdirilməsi və inkişafı sahəsində mühüm rol oynamaqdadır.
Aparılan təhlillərə əsasən Azərbaycanda nəqliyyat sektorunda yük daşınması son 20 ildə hər il müntəzəm olaraq artmışdır. Təkcə Şərq istiqamətindən deyil, həmçinin Rusiya və Azərbaycan ərazisindən Türkiyə və Avropa istiqamətinə yüklərin daşınmasında əhəmiyyətli artım müşahidə olunur və ildən-ilə bu yüklərin həcmi daha da artacaqdır. Beləliklə, açıq dənizlərə birbaşa çıxışı olmadığına baxmayaraq, hazırda ölkəmiz beynəlxalq Avrasiya nəqliyyat mərkəzlərindən birinə çevrilmişdir. Hələ bir neçə il əvvəl, TransXəzər layihəsi çərçivəsində aparılan danışıqlara üçüncü dövlətlər ekoloji problemləri əsas gətirərək mane olmağa çalışırdılar. Şübhəsizdir ki, TransXəzər nəqliyyat dəhlizi ilə daşınmaların həcminin artması, eyni zamanda, Xəzər dənizinin çirklənməsinin da artması ilə nəticələnə bilər. Lakin bu kimi ekoloji problemlərin qarşısının alınması üçün də addımlar atılıb. Belə ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisində “yaşıl liman” konsepsiyasının tələblərinə uyğun olaraq tikinti zamanı ən yüksək ekoloji tələblər nəzərə alınıb, çirkab suların təmizlənməsi üçün qurğular inşa olunub. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzər dənizindəki Avropa Dəniz Limanları Təşkilatının (ESPO) Liman Ətraf Mühitə Nəzarət Sistemi (PERS) -EcoPorts sertifikatına layiq görülən ilk liman olmuşdur. Eyni zamanda, limana daxil olan yüklərin buradan Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə Qərb və Şərq istiqamətinə nəqlini təmin edən səmərəli və dayanıqlı logistik zəncirin formalaşdırılması üçün zəmin yaranmışdır. Liman ərazisində və ətraf ərazilərdə azad iqtisadi zonanın və ya sənaye məhəllələrinin mövcudluğu məsələləri vardır ki, bu da mühüm nəqliyyat qovşağı kimi limanın, həmçinin qeyd edilən dəmir yolu xəttinin daha geniş tranzit və daşıma imkanlarının yaranmasına səbəb olacaq, bu da öz növbəsində ətraf mühit məsələlərini bundan sonra da aktuallaşdıracaq. Bu transmilli layihənin icrası zamanı ekoloji tarazılığın və ətraf mühitin qorunması bizim üçün xüsusi əhəmiyyət daşıyır. Bir məqamı da qeyd etmək istərdim ki, Şərq-Qərb nəqliyyat dəhlizi ilə yüklərin daşınması prosesində 4-cü Sənaye inqilabının imkanlarını nəzərə almaqla, rəqəmsal texnologiya və rəqəmsal iqtisadiyyatın tətbiqi, eyni zamanda tranzit və yükdaşıma xətlərinin qısaldılması ümumilikdə dünya ekologiyası üçün bir töhfədir.
Sevinc Azadi, “İki sahil”