"Şimal-Cənub" - 2000-ci il 12 sentyabr tarixində Rusiya, Hindistan, İran və 11 qonşu ölkələr arasında imzalanmış hökumətlərarası Saziş əsasında yaradılmış beynəlxalq nəqliyyat dəhlizidir. Azərbaycan bu Sazişə 2005-ci ildə qoşulmuşdur. Quru, dəniz və qatar yollarından ibarət olan 7200 kilometrlik nəqliyyat şəbəkəsinin digər marşrutlara, xüsusu ilə Süveyş kanalından olan dəniz yoluna nisbətən üstünlüyü daşınma məsafəsinin iki və daha çox dəfə kiçik olması, habelə konteynerlərin daşınma xərclərinin daha ucuz başa gəlməsidir.
Məsələn, Mumbaydan Sankt-Peterburqa yüklərin çatdırılma müddəti Süveyş kanalı vasitəsilə 30-45 gün olduğu halda, bu dəhlizlə 15-24 günə endirilməsi gözlənilir. 2025-ci ilə qədər bu dəhlizdə yük dövriyyəsi iki dəfə artaraq 30 milyon tona çatacaqdır və beş ildən sonra isə daha 5 milyon ton çoxalacaqdır.
Cənub-Şərqi Asiyanı Şimali Avropaya birləşdirəcək bu dəhliz iki marşrut xəttindən ibarətdir. Əsas marşrut xətti Hindistanın Mumbay liman şəhərindən başlayıb, İranın Fars körfəzindəki Bəndər Abbas və Xəzər dənizindəki Bəndər Ənzəli limanlarından keçərək dəniz yolu ilə Rusiyanın Həştərxan şəhərinə, buradan dəmir yolu vasitəsilə Sankt-Peterburq şəhərindən keçərək Avropaya çatacaq. Eyni zamanda, Nəqliyyat dəhlizi daxilində Qərbi Xəzər (və ya Azərbaycan) marşrutunun tikintisi başa çatarsa, Rusiyanın Sankt-Peterburq şəhəri Azərbaycandan keçən dəmir yolu ilə birbaşa İranın Bəndər Abbas limanına birləşəcəkdir. Bu məqsədlə Azərbaycan və İranın dəmir yolu sistemlərini birləşdirən Astara-Rəşt-Qəzvin dəmir yolunun tikintisi üçün 28 mart 2018-ci il tarixində İran İslam Respublikası Saziş imzalanıb. 6 mart 2019-cu il tarixində Qəzvin–Rəşt (175 km) sahəsinin rəsmi açılış mərasimi keçirilib; İran İslam Respublikası ərazisində Rəşt–Astara (167 km) sahəsində dəmir yolu tikilməlidir.Dəhliz çərçivəsində bütün infrastruktur layihələri tamamlandıqdan sonra İran ərazisindən keçməklə Bakıdan Naxçıvan Muxtar Respublikasına dəmir yolu ilə birbaşa daşımaların təşkili mümkün olacaqdır.
İran tərəfdən əsasən neft və neft məhsulları, mineral gübrələr, sement, kimyəvi məhsullar və s., İran istiqamətində isə taxıl məhsulları və meşə materialları daşınır.
Rusiyanın nəqliyyat naziri Vitali Savelevin mediaya məlumatında Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin zəruri seqmentini təşkil edən Qəzvin–Rəşt–Astara (İran)–Astara (Azərbaycan) dəmir yolunun 164 kilometrlik Rəşt–Astara hissəsinin tikintisinin 2028-ci ildə yekunlaşacağı bildirilib. Açıqlamada dəmir yolu hazır olduqdan sonra bu infrastrukturla il ərzində 1 milyon konteyner daşınmasının planlaşdırıldığı da qeyd edilib.
Bir sıra dövlətlər, o cümlədən Rusiya tərəfindən Qəzvin–Rəşt–Astara (İran)–Astara (Azərbaycan) dəmir yolunun tezliklə inşa etdirilib başa çatdırılmasına böyük maraq göstərilir. Yolun Qəzvin-Rəşt hissəsi artıq istismara verilib. Rəşt-Astara hissəsində isə işlər davam edir. Rusiya bu yolun elektrik xətlərinin çəkilməsi ilə yanaşı, onun tikintisinin sürətləndirilməsi üçün yardım edəcək.
İrana tətbiq olunan iqtisadi sanksiyalar yolun tikintisinə üçün maliyyə vəsaitinin ayrılmasına maneələr yaradır. Rusiya Rəşt-Astara dəmir yolunun tez bir zamanda istifadəyə verilməsinə çalışır ki, Asiya ölkələri ilə ticarət əlaqələrini genişləndirsin. Azərbaycan ərazisindən keçəcək bu yol Rusiya, Azərbaycan və İranın dəmir yolları sistemlərini birləşdirəcək. Azərbaycan tranzit ölkə olaraq üzərinə götürdüyü öhdəlikələri yerinə yetirib. Yol hazır olduqdan sonra hər 3 dövlətin ticarət və tranzit əlaqələri artacaq ki, bu da büdcə gəlirlərinə valyuta axınını reallaşdıracaq. Layihənin yalnız birinci mərhələsinin başa çatması İranla Azərbaycan arasında yük daşımalarının 10 dəfəyədək artımını təmin edəcək. Bundan başqa, iki ölkənin dəmir yollarının birləşdirilməsilə mal mübadiləsinin həcmi ildə 5 milyon tonadək artacaq.
Aygün Xudayeva,
YAP Xətai rayon təşkilatının "General Şixlinski" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü