29 noyabr 2023 17:29
273

Növbəti köç karvanı Laçın şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub -  FOTO

Noyabrın 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Laçın şəhərinə çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib.

Qeyd edilib ki, mərasimdə Dövlət Komitəsinin və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Laçın şəhərinə daha 17 ailə - 63 nəfər köçürülüb.

Bununla da Laçın şəhərində 363 ailə, 1389 nəfərin daimi məskunlaşması təmin edilib.