01 dekabr 2023 19:06
325

Adını əbədiləşdirən şəhid...

Atalarımız yaxşı deyib “İgid ölər, adı qalar”.Bəli, ölkəmizin, yurdumuzun, diyarbadiyar hər zaman qəhrəman oğulları olub, olmağa da davam edir. Çünki, tarixən biz ulularımızın davamçısı olub, Vətən keşiyində durmağı, ana yurdu qorumağı özümüzün ən müqəddəs borcu bilmişik. Gələcək yeni nəsillər də bu cür tərbiyə olunub. Onlaraəmanət olan Vətəni gözbəbəkləri kimi qorumaqdan çəkinməyib, lazım gələrsə, bu uğurda canlarından keçiblər. Bax belə igid oğullar, qəhrəmanlar əbədi olaraq xalqın qəbində məskən salıb, daim anılır, xatırlanır. Xatirəsi əziz olan, adını igidlər sırasına yazan oğullarımızdan biri də Ələkbərov Qulam Novruz oğludur.

Nəzərə çatdırım ki, yolumu saldığım Ordubad rayonunun Azad kəndində təsadüfən eşitdiyim şəhidmiz Qulamın yaxınlarının söhbəti, mənim çox diqqətimi çəkdi. Eşitdiklərim məni bu qənaətə gətirdi ki, Rəbbim sanki, insanlar içərisindən ən özəl olanları seçir. Ancaq belə insanlar ən ali zirvəyə yüksəlməyə layiq görülür. Kənd camaatının ürək dolusu danışdığı Şəhid Qulamın ailəsi ilə maraqlanıb tanış olmaq istədim. Öyrəndim ki, ailə Naxçıvan şəhərində yaşayır. Növbəti ünvanımız Naxçıvan şəhərində şəhidin ailəsinə dövlət tərəfindən verilən mənzil olur. Mənzilin qapısına yaxınlaşıb elə qapı zəngini vurmaq istəyirdim ki, Şəhidin həyat yoldaşı Məxridə xanım gəldiyimizi  hiss edib qapını açdı.

Salam, xoş gəlmisiniz, buyurun içəri dedi. Mən də bu xoş qarşılamanı görüb, ürək açıqlığı ilə evə daxil oldum. Evdə şəhidimizin qızı və beş yaşlı nəvəsi Oğuzlada tanışdım. Bu xoş tanışma ilə dərin, mənalı söhbətə başladıq. Qarşımda əyləşən, 30 ildir yar həsrəti çəkən, iki körpə balasına ata-ana əvəzi olan Məxridə xanıma çətində olsa, suallar veməyə başladım.

- Məxridə xanım zəhmət olmasa bizə şəhidimiz haqqında geniş məlumat verin.

-Bilirsiniz Qulam mənim əmim oğlu idi. Biz demək olar ki, Azad kəndində bir böyümüşük. O, 1965-ci ildə dünyaya göz açıb. Mən Qulamdan beş yaş xırda idim. Uşaqlıqdan çox mehriban, şən, hamının üzünü güldürən, zarafatcıl olub. O, heç kimlə nə dalaşar nə də küsülü qala bilərdi. Çox təmiz qəlbə sahib, sədaqətli bir insan idi. Onu tanıyanlar həmişə çox təəssüf edirlər ki, belə bir oğul daha aramızda deyil.Qulam 1972-1982-ci illərdə orta təhsil alıb. Tam orta məktəbi bitirdikdən sonra bir müddət sovxozda işləyib. 1983-cü ildə onu hərbi xidmətə yola saldıq. O zaman sovet dövrü olduğu üçün Qulamı xidmətə Monqolustanda yerləşən hərbi hissələrin birinə göndərdilər. 1985-ci ildə xidmətini başa vurub qayıtsa da, hərbə olan marağı onu Zaqafqaziya gizirlər məktəbinə apardı. 6 ay kurs keçib qayıtdıqdan sonra 1988-ci ilin sentyabrında Mehri rayonunda xidmətə başladı. Sonra Ordubad rayonunda yerləşən “N” hərbi hissədə xidmətinə davam edib. Bizim onunla ailə qurmağımız 1989-cu ildə oldu. O illər mənim üçün o qədər gözəl idi ki, xatırladıqca çox heyf deyirəm. Cəmi beş il sürdü xoşbəxtçiliyim. 1992-ci ildə xidməti yeri dəyişdirilərək, Naxçıvan Sərhəd dəstəsində zastava rəisi vəzifəsinə verildi. Bir müddət burada işlədikdən sonra 1993-cü ildə Şərur rayonunun Kərimbəyli kəndində yerləşən zastavaya rəis təyin olundu. Burada da canla-başla xidmətini edirdi. İşini o qədər çox sevirdi ki, gecələr işdə olub, gündüzləri evə gəlib dincəlməli olsa da, yenə də dincəlməzdi, bizə baş çəkib zastavaya qayıdırdı. Əsgərləri ilə çox xoş rəftar edər, onlara işi sevərək görmək lazımdır,- deyə həmişə məsləhət edərdi.

- Çox zarafat edərdi, bir gün bacımgil bizə qonaq gəlmişdi. Onlarla söhbət edir, deyib-gülürdü. Xidmətindən danışanda deyirdi elə xidmət edirəm ki, bir gün mənim adımı verəcəklər zastavaya. Bacım dedi bu nə sözdü deyirsən. Bacımın təəccübünə cavab olaraq bildirdi ki, bundan da şərəfli admı olar insana, güldü. O qədər zarafat edirdi ki, yenə Qulamın zarafatları bitmir deyibgülürdük. Ağıla gələrdi ki, özünün şəhid olacağını əvvəlcədən hiss edir? kimdüşünərdi ki... O qədər mehriban, bizə bağlı idi ki...

- 1994-cü ilin fevralın 19-dan 20-nə keçən gecə onu görməyimizin sonuncu günü oldu, sərhəddən atışma səsləri eşidildi. Mənə “uşaqları al yanına yatın, məni gözləməyin dedi” və evdən çıxdı. Çox nigaran qaldım, gecəni yata bilmədim. Bir neçə saat sonra aşağıda gecə növbəsində olan əsgərdən xəbər almaq üçün çıxdım. Heç bir xəbər ala bilməyib geri qayıtdım. Ancaq atışma səsləri eşidilirdi. Sonra mənə məlumat verildi ki, rahat olun hər şey qaydasında, gedin dincəlin Qulam sabah evə gələcək. İnandım, səhərə yaxın idi. Uzanıb yatdım. Cəmi iki saat... Yuxudan necə ayıldım -deyə bilmərəm. Dəhşətli yuxum həyatımın gerçəyi oldu. Yuxumda onun vurmaq istəyənləri gördüm. Əsgərlərininsə mənə dediyi sözləri unuda bilmirəm. “Narahat olmayın Qulam uca məqamdadır”. Ayılıb yuxu olduğunu görəndə çox təsəlli tapdım. Yuxu imiş deyə... Ancaq yuxumun çin olmasından cəmi iki saat idi ki, xəbərsiz idim. Qulamın iş yoldaşları məni təcili kəndə aparmaq üçün evə gəldilər. Məndə hazırlaşıb uşaqları götürüb çıxdım. Əslində kəndə heç getmək istəmirdim. Elə ki, avtomobil evə yaxınlaşdı, bütün kənd camaatınıevin qarşısında gördüyüm an yuxumun çin olduğunu anladım. O zamandan qara bulud mənim üzərimdədir. Nə deyib-gülərəm, nə bayram edir, nə də toy-şənliyə gedərdim. Nə az, nə çox düz 15 il qara libasa bürünüb yar yolu gözlər oldum.Zaman örtdükcə həsrətim çoxaldı... bircə onu deyim ki, Qulamın hər zaman dilə gətirdiyi arzusu həyata keçdi. Onun adını 1995-ci ildə xidmət etdiyi zastavaya verildi. Ölümündən sonra “Azərbaycan bayrağı” ordeni ilə təltif olundu. Qulam zarafatla desə də, adını əbədiləşdirməyi bacardı.

Məxridə xanım nə az, nə çox 30 il necə keçdi sizin üçün?

- Bu illər ərzində biz Qulamsız qalsaq da, özümüzü tək hiss etmədik. Dövlətimiz qayğısını bizdən əsirgəmədi. Mən dövlətimizə minnətdaram. Qızlarımı öz himayəsində saxlayıb hər cür maddi-mənəvi köməklik bizim üçün ediblər. 2006-cı ildə mənzillə təmin olunduq. Qızlarımı böyüdüb boya-başa çatdırdım. Ailə həyatı qurdular. İndi üç nəvəm var. Bu gün üzümün gülüşünün təkcəsəbəbi onlardır.

Səriyyə Salahova,
Culfa Rayon Mədəniyyət Saranının direktoru