06 dekabr 2023 09:09
444

Samuxda yol kənarında “Kalaşnikov” və ov tüfəngi aşkarlanıb

Samux Rayon Polis Şöbəsinə rayonun Kolayır kəndi ərazisində yol kənarında silah-sursat olması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan “İki sahil”ə verilən məlumata görə, polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib.

Əraziyə baxış keçirilən zaman oradan 1 ədəd "Kalaşnikov" markalı avtomat, həmin silaha aid 1 ədəd daraq, 9 ədəd 7.62 mm-lik patron və bir ədəd 16 kalibirli, qundağı və lüləsi kəsilmiş ov tüfəngi aşkarlanıb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub, faktla bağlı araşdırmalar davam etdirilir.