06 dekabr 2023 10:56
368

“Yaradıcı müzakirələr” layihəsi ilə bağlı Naxçıvanda keçirilən tədbirlər sona çatıb - FOTO

4-5 dekabr tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı həftə” çərçivəsində Naxçıvanda “Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsi ilə bağlı təlimlər keçirilib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, Naxçıvan Dövlət Texniki Kollecində baş tutan tədbirdə iştirakçıları salamlayan “Yaradıcı müzakirələr” layihəsinin koordinatoru Vüsal Süleymanlı və 10 yaradıcı klaster üzrə keçirilən təlimlərin Naxçıvanlı gənclər üçün əhəmiyyətli olacağını bildiriblər.

Diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilən layihəpaytaxtda və regionlarda mədəniyyət və yaradıcılıq sahələrində bacarıqların inkişafını təşviq edən maarifləndirici təşəbbüsdür və yaradıcı subyektlərin formalaşmasının dəstəklənməsinə yönəlib.

İki gün davam edən tədbirlərsilsiləsi maraqlı müzakirələrlə yadda qalıb. 600-dən çox iştirakçının qoşulduğu təlimlərdə gənclər incəsənətin müxtəlif sahələri ilə bağlı tanınmış simaların bilik və təcrübələrindən yararlanıb.

“YÜZ production”un müəllifi, aktyor, rejissor və ssenari müəllifi Taleh Yüzbəyov “Yaradıcı kinematoqrafiya: Ssenaridən ekrana”, “Azərxalça”ASC-nin kreativ direktoru, “Asmart Creative Hub” Mərkəzinin təsisçisi Əsmər Babayeva “Sərvət ipləri: biznes olaraq xalçaçılıq”, Mikro MMC-nin təsisçisi və direktoru, reper, prodüser Pərviz İsaqov “Pulun harmoniyaları: gəlir gətirən musiqi”, rəssam Erkin Ələkbərli “Mənfəətin fırça vuruşları: təsviri sənət biznesi”, Azərbaycan Animasiya Assosiyasiyasının İdarə Heyətinin sədri, Animafilmin direktoru, rejissor və ssenari müəllifi Rəşid Ağamalıyev “Mənfəət üçün canlandırma: animasiya sənəti və ticarəti”, “dOM”müstəqil teatrın yaradıcısı və rəhbəri, rejissor, pedaqoq Tərlan Rəsulov “Səhnədə diqqət mərkəzində: Teatr sənayesində pul qazanmaq”, “Natavan” qalereyasının təsisçisi, XIX əsrin Azərbaycan milli geyiminin kolleksiyaçısı Natavan Əliyeva “Dəb: Tərz və davamlılıq”, Azərbaycanda ixtisaslaşmış ilk bədii şüşə rəssamı Məhər Məhərrəmov “Bədii şüşə sənəti və biznesi”, dizayner Rəhim İsmayılov “Qələmlər və piksellər: Rəsm və rəqəmsal incəsənət”, sosial tədqiqatçı Orxan Şahbaz “Sözlərlə gəlir: Ədəbiyyatda biznes baxışı” mövzularında təlimlər keçib.

Qeyd edək ki, layihə çərçivəsində 2023-cü ilin noyabr – dekabr aylarında 10 yaradıcı klaster üzrə 10 bölgədə, (Quba, Bakı, Sumqayıt, Lənkəran, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki, Şamaxı, Şuşa) ümumilikdə 100 tədbir keçiriləcək.