Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının və Bakı Gənclər Mərkəzinin birgə layihəsi olan “Heydər Əliyevin gənclərə örnək siyasi kursu”nun növbəti qonağı “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə oldu.
Beş günlük siyasi kursun üçüncü gününü giriş sözü ilə açan YAP Gənclər Birliyinin üzvü, Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva sözügedən layihə çərçivəsində keçirilən görüşlərin gənclər üçün çox faydalı olduğunu, geridə qalan iki günün məhsuldar keçdiyini bildirdi. Gənclərin heç yerdə eşitmədikləri vacib məlumatları bu layihədə öyrəndiklərini qeyd edən N.Babayeva bugünkü görüşün məramı və məqsədi ilə bağlı məlumat verdi. Həmçinin Vüqar Rəhimzadənin tərcümeyi-halı, həyat yolu, uğurlu fəaliyyəti barədə qısa məlumat verən N.Babayeva bugünkü maraqlı mövzunun “Heydər Əliyev və Azərbaycan mətbuatı” olduğunu diqqətə çatdırdı. Gəncləri fəal olmağa, dəyərli qonağın çıxışından qeydlər götürməyə çağıran Mərkəzin direktoru, həmçinin layihənin tərəfdaşı olan YAP Sabunçu rayon təşkilatına təşəkkür etdi.

YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov bildirdi ki, bugünkü görüşün əsas məqsədi ondan ibarətdir ki, Ulu Öndər Heydər Əliyevin zəngin irsini gənc nəslə çatdıraq: “Həmçinin istəyirik ki, müxtəlif təhsil ocaqlarından gələn gənclər arasında dostluq əlaqələri, şəbəkələşmə yaransın.”
O, layihənin bugünkü qonağı Vüqar Rəhimzadənin hələ 23 yaşında olarkən Ulu Öndər Heydər Əliyevdən müsahibə götürdüyünü və 1992-ci ildə yeni siyasi partiya yaratmaq çağırışı ilə Ulu Öndər Heydər Əliyevə müraciət ünvanlayan məşhur “91-lər”dən biri olduğunu qeyd etdi.
Təqdimata görə təşəkkürünü bildirən “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə gənclərlə ünsiyyətdə olmağın, təmas qurmağın çox vacib amil olduğunu xüsusi vurğuladı. Bildirdi ki, gənclər müasirlik simvolu, işıqlı gələcək, həyata baxışın çox önəmli nümunəsini ortaya qoyan cəmiyyətin bir hissəsi deməkdir. Özünün tələbəlik həyatından, hərbi xidmət illərindən, ictimai-siyasi, o cümlədən jurnalistika fəaliyyətindən söhbət açan V.Rəhimzadə ömrünün yarıdan çoxunun mətbuatla bağlı olduğunu diqqətə çatdırdı.
Baş redaktor Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini gənclərlə bölüşdü. Bildirdi ki, 1990-ci ildə ilk dəfə Ümummilli Liderlə təmasda olmağım həyatımın ən yaddaqalan anlarından biridir. Dahi liderin mətbuatın inkişafına verdiyi töhfələrdən geniş söz açan V.Rəhimzadə Azərbaycan mediasının bu gün cəmiyyətin tərəqqisinə xidmət etdiyini vurğuladı. O, bu sahəni seçdiyi üçün özünü çox xoşbəxt hiss etdiyini söylədi.
Diqqətə çatdırıldı ki, Ulu Öndərin 1998-ci il avqustun 6-da mətbuatda senzuranın ləğvi ilə bağlı Fərmanı ölkədə müstəqil mətbuatın gələcək inkişafı istiqamətində son dərəcə mühüm addım oldu. Bu gün dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində mətbuatımız yeni inkişaf mərhələsini yaşayır. Hazırda ölkə əhalisinin 85 faizi internet istifadəçisidir. Bu gün cəmiyyətin avanqard hissəsi olan və müasir dövrün çağırışlarına cavab verən Azərbaycan mətbuatı dövlətçiliyin daha da möhkəmləndirilməsi istiqamətində üzərinə düşən mühüm missiyanı şərəflə yerinə yetirir.
Sonda V.Rəhimzadə gəncləri maraqlandıran sualları cavablandırdı.
Cavid Əkbərov, “İki sahil”