08 dekabr 2023 19:01
585

Qələbəni bizə yaşadanları "YAŞAT": 3 il BİZİMLƏ/FOTO

 Bugünədək “YAŞAT”ın büdcəsindən 79 milyon 484 min 43 manat 94 qəpik  vəsait xərclənib

Dekabrında 8-də “YAŞAT” Fondunun 3 illik fəaliyyətinə dair mətbuat konfransı təşkil olunub. Tədbirin əvvəlində Fondun 3 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. 

Diqqətə çatdırılıb ki,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə yaradılan “YAŞAT” Fondunun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsidir. Digər vacib məqsəd vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və nəzarətin təmin edilməsidir.

Daha sonra  “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov hesabat xarakterli təqdimatla çıxış edib.

Elvin Hüseynov deyib ki, bugünədək "YAŞAT" Fondu tərəfindən 4 fəaliyyət istiqaməti üzrə vəsait xərcləri 79 milyon 484 min 43 manat 94 qəpik təşkil edib: “Ölkə ərazisində 3 004 şəhidin ailə üzvləri, habelə 6 568 yaralı olmaqla ümumilikdə 17 861 şəxslə görüşülüb, ehtiyacları qeydə alınıb (yashat.gov.az saytında) və 14 785 şəxsin 46 868 müraciəti icra üçün öhdəliyə götürülüb. Reallaşmış ödəniş sayı 43 069-dır. Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə 42 153 250.00, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri 2 424 635.03, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması 7 011 408.82, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi üzrə 27 394 750.09 manat xərclənib. 27 sentyabr 2020-ci il tarixindən sonra dünyaya gələn 111 şəhid övladı ilə bağlı Fond tərəfindən “Onlar bizə əmanət” layihəsi həyata keçirilib. Layihə çərçivəsində yeni doğulmuş şəhid övladlarının zəruri xərclərinin qarşılanması məqsədi ilə 1 000 manat məbləğində maddi yardım edilib və şəhid övladlarının adına 5 000 manat məbləğində depozit hesabı açılıb. Hər iki valideynini itirən 7 şəhid övladının adına 5000 manat məbləğində depozit hesabı açılıb. Onların içərisinə Bərdə və Gəncə terrorunda valideynlərini itirmiş uşaqlar da daxildir.”

Fond rəhbəri qeyd edib ki, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə qurum tərəfindən xərclənən vəsait 2 milyon 424  min 635 manat 3 qəpik  təşkil edir: “Təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə şəhid ailə üzvlərinin 532 və yaralıların 171 müraciəti olmaqla ümumilikdə 703 müraciət təmin edilib. Fondun təşəbbüsü ilə təhsil haqqının qarşılanması üzrə təhsil müəssisələri tərəfindən 495 845.99 manat vəsait qarşılanıb. Təhsil haqqının qarşılanması üzrə 588 müraciət Fond tərəfindən, 115 müraciət isə Fondun təşəbbüsü ilə təhsil müəssisələri tərəfindən qarşılanıb (orta və ali təhsil müəssisələri və təlim-tədris mərkəzləri).” 

Elvin Hüseynov bildirib ki, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə Fond tərəfindən xərclənən vəsait 27 394 750.09  manat təşkil edir: “Müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə şəhid ailə üzvlərinin 16 406, itkin ailə üzvlərinin 6 və yaralıların 11 030 müraciəti olmaqla ümumilikdə 27 442 müraciət təmin edilib.Ümumilikdə 185 şəxs müalicə edilməsi məqsədi ilə Türkiyə Respublikasına göndərilmiş, onlardan 178-si ağır yaralı, 7-si isə şəhid ailəsi üzvüdür. Müalicə alanlardan 160-ı ölkəyə geri qayıtmışdır. Hazırda 5 ağır yaralının müalicəsi Türkiyə Respublikasında davam edir.”

Fond rəhbəri vurğulayıb ki, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə Fond tərəfindən xərclənən vəsait 7 011 408.82 manat təşkil edir. İstehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə şəhid ailə üzvlərinin 918, itkin ailə üzvlərinin 3 və yaralıların 1 379 müraciəti olmaqla ümumilikdə 2 300 müraciət təmin edilib. Əlavə olaraq Fondun təşəbbüsü ilə borc öhdəliyinin qarşılanması üzrə müəssisələr tərəfindən 126 392.73 manat borc ləğv edilib.

Təqdimatda “YAŞAT” Fondu tərəfindən müvafiq istiqamətlərdə şəhidlərimizin ailə üzvləri və yaralılarımız üçün həyata keçirilən dəstək tədbirləri, reallaşdırılan layihələrə dair statistik məlumatlar əks olunub.

Sonda media nümayəndələrinin sualları cavablandırılıb.

“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının Hesabatlar (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək mümkündür.

Yaqut Ağaşahqızı, “İki sahil”