Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, Culfa Rayon Mədəniyyət Sarayında keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.

Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Sara Hüseynova, Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatının sədri Qadir İbrahimov çıxışlarında xalqımızın XX əsrdə yetişdirdiyi nadir tarixi şəxsiyyət olan Heydər Əliyevin milli şüurun oyanışında, formalaşmasında və möhürlənməsində misilsiz xidmətlərindən, Onun zəngin və mənalı həyat yolundan geniş bəhs ediblər. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin dövlətçilik konsepsiyasının əsas strateji xəttinin azərbaycançılıq ideyası təşkil edir.
Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Onun hakimiyyətinin birinci dövrü Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Həmin vaxt Culfa rayonunda da əhəmiyyətli, dövrün tələblərinə uyğun böyük işlər görülmüşdür. Məhz Ümummilli Liderin zəhməti hesabına Culfa rayonunda yaşayış binaları, şərab zavodları, üzümçülük, heyvandarlıq, ən əsası isə nəinki Azərbaycanda, o zamankı İttifaq səviyyəsində əhəmiyyəti ilə önə çıxan dəmir yolu infrastrukturu təkmilləşdirilərək istifadəyə verilmişdir.
Tədbirin sonunda Ulu Öndərin həyatından bəhs edən “Əbədiyyətin ilk əsri” adlı film nümayiş olunub.