13 dekabr 2023 16:15
404

Mülki müdafiə və yanğın təhlükəsizliyi ilə bağlı müşavirələr keçirilib - FOTO

Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin təşəbbüsü ilə paytaxtın Yasamal, Səbail, Sabunçu, Xətai, Nizami, Binəqədi, Xəzər və Pirallahı Rayon İcra hakimiyyətlərində “2023-cü ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələr” və “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda müşavirələr keçirilib.

"İki sahil" FHN-ə istinadən xəbər verir ki, tədbirlərdə FHN Bakı Regional Mərkəzi, Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin, müvafiq rayon icra hakimiyyətinin rəhbərliyi və yerli özünüidarəetmə orqanlarının nümayəndələri, habelə aidiyyəti xidmət və təhsil müəssisələrinin, mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri iştirak ediblər.

Tədbirlərin keçirilməsində əsas məqsəd qış mövsümündə rayonlar ərazisində yanğın təhlükəsizliyi istiqamətində profilaktik və digər qabaqlayıcı tədbirlərin görülməsi, müvafiq maarifləndirmə işlərinin təşkili, bu işlərə rayon ictimaiyyətinin səfərbər edilməsi, habelə mülki müdafiə sahəsində mövcud vəziyyət, problemlər və onların həlli yollarının müzakirəsi olub.

Müşavirələrdə çıxış edənlər mülki müdafiə işinin təşkili, eləcə də yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərin əhəmiyyətini qeyd edib, bu sahədə mövcud problemlərin aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsinin vacibliyini vurğulayıblar.

Tədbirlərdə FHN əməkdaşları tərəfindən müvafiq rayon ərazisində mülki müdafiənin vəziyyəti, yaşayış massivlərində yanğınların başvermə səbəbləri, yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və binalarda yanğın təhlükəsizliyinin vəziyyətinə dair ətraflı məlumat verilib. Bu çərçivədə, rayonların ərazisində yerləşən mülki müdafiə obyektlərində aparılmış monitorinqin nəticələri müşavirə iştirakçılarına təqdim edilib. Qeyd olunub ki, cari ilin təqviminə uyğun olaraq rayonların ərazisində yerləşən idarə və təşkilatlara mülki müdafiə üzrə metodiki yardım göstərilib.

Müşavirələrdə qarşıdan duran vəzifələr müzakirə olunub, suallar cavablandırılıb, mövzuya dair videoçarxlar nümayiş olunub.