13 dekabr 2023 17:35
457

Səbinə Xasayeva Xocəsəndə vətəndaşları qəbul edib - FOTO

Milli Məclisin deputatı Səbinə Xasayeva dekabrın 13-də Binəqədi  rayonun Xocəsən bələdiy­yəsinin inzibatı binasında  qəbul etdiyi bir qrup vətəndaşın problemlərini dinləyib.

“İki sahil” xəbər verir ki, qəbula gələnlər qəsəbədə fərdi evlərin sənədləşdirilməsinə, məhəllədaxili yol­ların asfaltlaşdırılmasının və ışıqlandırılmasının başa çatdirilmasına,  157 nömrəli avtobus xəttində olan sərnişin sıxlığının aradan qaldırılması üçün səhər, günorta və axşam vaxtlarında  marşruta  əlavə avtobusların buraxılmasına, qəzalı vəziyyətdə olduğuna görə 328 nömrəli körpələr evi-uşaq bağçasının əsaslı təmir edilməsinə, qəsəbədə kanali­za­siya şəbəkəsinin  yenidən qurulmasına və yeni yaşayış massivində kanalizasiya xət­lərinin əsas xəttə birləşdirilməsinə, müharibə veteranı adının verilmə­sinə, əhali ara­sında hüquqi təbliğatın gücləndirilməsinə, qeyri-hökumət təşkilatlarının qeydiyyatdan keçirilməsinə, işə qəbul olunmalarına, şəxsi problemlərinin həll edilməsi üçün  maddi yardım verilməsinə köməklik göstərilməsini xahiş ediblər.

Qəbul zamanı vətəndaşların səsləndirdiyi təklif və şikayətlər araşdırılması və həll edilməsi üçün qeydə alınıb,  nəzarətə götürülərək həll edilməsi üçün müvafiq qurumlara göndərilib.

Seçicilər onlara göstərilən diqqətə, səmimi qəbula görə minnətdarlıqlarını  ifadə edib, onları narahat edən məsələlərin tezliklə öz həllini  tapacağına əminliklərini bildiriblər.   

Qəbulda Binəqədi Rayon İcra Hakimiyyəti  başçisinin Xocəsən qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Teyyub Abdullayev və Binəqədi rayon Xocasən  bələdiyyəsinin sədri Nigar Məmmədova iştirak ediblər.