15 dekabr 2023 23:48
633

Şəhidlik zirvəsi

Masallı rayon Mərkəzi Kitabxanasında  doğma  Azərbaycanımızın hər qarışını əziz bilib, onun uğrunda canından keçən şəhidlərlə    bağlı vaxtaşırı tədbirlər təşkil olunur. Növbəti belə tədbir  düşmənə qarşı son damla qanına qədər döyüşərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlar Ramiz Cəfərov və Vüsal Məhərrəmovun doğum günlərinə həsr olunmuşdu.  

Tədbir Ülu  Öndər Heydər Əliyevin və  Vətən torpaqlarının  azadlığı uğrunda qan tökən  şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılmaqla başlandı.

Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan döyüşçülərdən polkovnik-leytenant Ramiz Cəfərov və Azərbaycan Silahlı Qüvvələrinin leytenantı Vüsal Məhərrəmovun  həyat və döyüş yolu haqqında ətraflı məlumat verən kitabxananın əməkdaşı R. Dadaşov  onu da bildirdi ki, xalqımıza 30 ildən sonra qələbə sevincini  yaşadan belə qəhrəman  Vətən oğulları bizim iftixar mənbəyimiz və qürur yerimizdir.   Onların axıtdığı qanla indi  Qarabağımız canlanır, Vətən yaşayır. Şəhid qəhrəmanları  hər zaman yad etmək, xatirəsini əziz tutmaq  hər birimizin müqəddəs  borcudur.

Sonra kitabxananın digər əməkdaşı R. İsmayılov məruzə ilə çıxış etdi. Vurğuladı ki, Vətənimizin ərazi bütövlüyünün bərpasında qəhrəman şəhidlərimiz canını fəda edərək mənfur düşmənin layiqli cavabını veriblər.

10 dekabr 1974-cü ildə Donetsk  vilayətində təvəllüd  tapan Xüsusi Təyinatlı Qüvvələrinin şəhid polkovnik-leytenantı  Ramiz Cəfərov tabeliyində olan hərbi qulluqçularla Cəbrayıl, Şuşa rayonları istiqamətində gedən döyüşlərdə vuruşub.  Müharibə meydanında olduğu  40 gün ərzində  bir sıra yaşayış məntəqələrinin, eləcə əlverişli mövqelərin, strateji nöqtələrin azad edilməsi uğrunda mərdlik göstərib. Noyabrın 6-da Şuşa istiqamətində düşmən gülləsinə tuş gəlib. Ölümündən sonra Ramiz Cəfərova “ Vətən Müharibəsi Qəhrəmanı” adı verilib və “Vətən uğrunda”, Cəbrayılın,  Şuşanın azadlığına görə medallarına layiq görülüb.

Vüsal Məhərrəmov 10 dekabr 1979cu ildə Masallının Hişkədərə   kəndində dünyaya göz açıb. Kənd orta məktəbi əla qiymətlərlə bitirib, 1997-2001-ci illərdə Gəncə Kənd Təsərrüfatı  Akademiyasında təhsil alıb. Azərbaycan Ordusunu leytenantı  İkinci Qarabağ müharibəsində Şuşa İstiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına  şəhid olub. Bir müddət sonra doğma kəndində torpağa  tapşırılıb. Ailəli idi. İki oğlu yadigar qalıb. 

Ölümündən sonra “Vətən uğrunda”, Füzulinin, Şuşanın azadlığına görə medalları ilə təltif edilib.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin  üzvü