Azad bir quşdum...
Neçə gündür aramsız yağan, dünən bütün yol boyu dayanmadan çiləyən, çisələyən yağış kəsib bu səhər. Bakının iliklərə işləyən soyuğu yoxdur bu yerlərdə, əndazəsində həzin bir payız havası ilə qarşılayır bizi Ağdam. Duman da ətrafı yaxşı görə bilək deyə elə qabağımızca baş götürüb kənarlara qaçıb, vaxtilə dillər əzbəri o möhtəşəmlikdən qalanlar mərd kasıb süfrəsi kimi qarşımıza sərilib. Əvvəldən qonaqsevər olub axı Qarabağın bu gözəl, varlı-imkanlı, başı qeylü-qallar çəkmiş, ağ damları qara xarabalıqlara çevrilmiş, iyirmi yeddi il yağı tapdağında inləmiş, azadlığına qovuşalı sevincindən daşı-çınqılı torpaq kimi ot cücərdən sehrli səslərin Vətəni, Səxavətli şəhər!
Salam, Ağdam! İsti yuvasından, od-ocağından perik salınmış, azad quşlar kimi pərən-pərən düşüb Azərbaycanın dörd bir tərəfinə səpələnmiş ağdamlıların bitən həsrəti, xoş gördük səni! Salam, bütöv Vətənimin azad şəhəri!
Ağdam bazarının hündür tavanındakı beton çardağın aralarına doluşmuş, qoşa-qoşa dayanan, erkəklərinin quğultuları aşağının bütün səs-küyünü yarıb qulaqlarımda musiqi kimi səslənən, hərdən insanlardan qorxmadan küncdə-bucaqda yerə enib dünya boyda bazardan bir dimdik nemət payını götürərək özündən və taleyindən razı halda geri uçan masmavi göyərçinlərindən yazmışdım nə vaxtsa. Yazmışdım ki, iyirmi yeddi il hər dəfə adı gələndə Ağdam qədər də bazarındakı həmin göyərçinlərin dərdini çəkib, qayğılanmışdım. Ac qaldılar, bazarsız, yuvasız, insansız qaldılar deyə! Müqəddəs əzəli torpağımız – ata-baba ruhlarının dolaşdığı, şirin xatirələrimizin beşiyi, Vətən içində Vətənimiz Ağdam azadlığına qovuşanda həm də göyərçinlər üçün sevinmişdim ki, daha ac qalmayacaqlar. Yenə yuva qurmağa bazar damının tavan arası, uçmağa azad səmaları olacaq.
İndi gözlərim onları gəzir. Görə bilməsəm də salamımı göndərirəm: Xoş gördük, yuva qurmaları üçün bazarları, evləri tikilən, yenidən yaşamağa ümidlənən, pərvazlanan, sülhə təşnə göyərçinlər!
...Hamı susub, Dövlət Turizm Agentliyinin işğaldan azad olunmuş ərazilərdə turizmin bərpası və inkişafı ilə bağlı keçiriləcək tədbirə gedən jurnalist həmkarlarım telefonlarına sarılıb sağımızdakı-solumuzdakı darmadağın edilmiş evləri, tikililəri çəkirlər. Hərdən hansımızınsa köksündən düşmənin vəhşiliyinə nifrət nidası kimi bir “ah!” qopur. Və kədərlə düşünürəm ki, ermənilərin dağıtdıqları kəndlərin, şəhərlərin hamısı bir-birinə oxşayır. Görəsən, vaxtilə daha çox sahiblərinin xoşbəxt günlərinə sevinib, hərdən də qayğılarına kədərlənmiş bu evləri “şəhid evlər” adlandırsam günah etmərəm ki? Günah deyilsə, bu yerlərdəki evlərin hamısının bəxtinə “şəhidlik” yazılıb...
“Savaş” meydanı?
Ağdamda nisbi sakitlik deyil. Yeni bir “savaş” gedir burada. Ancaq bu dəfəki “müharibə” Qafqazın Xirosimasına çevrilmiş Ağdamın yaralı ruhlarının yaralarına məlhəm olmaq, sıfırdan, hətta mənfidən daha gözəl, möhtəşəm, xoşbəxt və firavan bir Ağdam qurub-yaratmaq uğrundadır. “Savaşı” aparanlar isə ustalar, fəhlələr, kranların, yük maşınlarının, tikinti texnikalarının sürücüləridir. Elə bir fəhlə qardaşımız da aralıda yeni tikilməkdə olan çoxmərtəbəli yaşayış binasının üstündə xüsusi təyinatlı əsgər kimi qürurla, cəsarətlə dayanıb.
Ağdamın küçələrində tıxac yaranır, desəm bəlkə də çoxunuz təəccüblənərsiniz. Ancaq şəhərdə həqiqətən elə qızğın tikinti gedir ki, yollarda yük maşınlarının, ekckavatorların tıxacı yaranır. Ona görə də böyük avtobusumuz da hərdən dayanmalı, hətta geri gedərək yeni “savaş”ın qəhrəmanlarına yol verməli olur. Hamımız bir daha əmin oluruq ki, bu sürətlə Ağdamın öz doğma sakinlərinə qovuşacağı günə çox qalmayıb! Yeri gəlmişkən, artıq rayonun Kəngərli, Sarıcalı və Xıdırlı kəndlərində də tikinti işlərinə start verilib, gözümüz aydın!
Ev sahibi Ağdam Konfrans Mərkəzi...
Mənzil başına çatırıq. Ağdam Konfrans Mərkəzinə baxanda heyrətlənməmək mümkün deyil. Qısa vaxtda belə gözəl bir kompleksin tikilib istifadəyə verilməsi qürurvericidir. Müasir, yarlı-yaraşıqlı, bütün infrastrukturla və avadanlıqlarla təhciz edilmiş konfrans mərkəzi, sözsüz, yeni Ağdamın yeni simvollarından birinə çevriləcək. İşğaldan azad edilmiş ərazilərimizdə ilk və hələ ki yeganə olan konfrans mərkəzinin qapalı sahəsi 1400 kv.m-dir. İki hissədən ibarət olan kompleksdə konfransların, seminarların, forumların, simpoziumların, işgüzar görüşlərin, konsertlərin müasir tələblərə uyğun keçirilməsi üçün hər cür şərait yaradılıb.
Turizmin inkişafı naminə yeni hədəflər
Azərbaycan Dövlət Turizm Agentliyinin Ağdamda keçirdiyi “İşğaldan azad olunmuş ərazilərdə turizmin bərpası və inkişafı” I elmi-praktiki konfrans, əlbəttə ki, dövlətin bu sahəyə prioritet istiqamət kimi yanaşması baxımından çox əhəmiyyətlidir. Ancaq fikrimcə, tədbiri daha əhəmiyyətli edən məqamlardan biri də Qarabağ və Şərqi Zəngəzurda turizm potensialı və mövcud resurslardan səmərəli istifadə üsullarının, eləcə də sektorun sürətli inkişafı ilə bağlı müzakirələrin ərazilərimizin bərpa prosesi ilə paralel aparılmasıdır. Yəni, turizmçilərimiz artıq xeyli vaxtdır işğaldan azad olunmuş torpaqlarımızda hansı işlərin hansı ardıcıllıqla görülməsinin, Qarabağın, Şərqi Zəngəzurun yeni turizm məhsullarının hazırlanması və hədəf bazarlarda təqdim edilməsi istiqamətində işlərin planlaşdırılmasını həyata keçirməklə məşğuldurlar. Təbii ki, ilk növbədə təhlükəsizlik tədbirləri nəzərə alınır, digər işlər məhz bu kontektsdə reallaşdırılır.
Sevindiricidir ki, bərpa prosesinin verdiyi imkanlar lazımınca dəyərləndirilib və artıq yekunlaşmış layihələr mövcuddur. “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun yaradılması, Tərtər rayonunun Suqovuşan qəsəbəsində turizm istiqamətli istirahət parkının açılması, Şuşaya turist səfərlərinin təşkili işğaldan azad olunmuş ərazilərimizin potensialından istifadə edilməsi istiqamətində atılmış addımların yalnız bir hissəsidir. Turizmin bərpası və inkişafı üçün yeni planlar, hazırda layihələndirmə mərhələsində olan işlər isə yetərincə çoxdur.
Deməli, biz öz ərazilərimizə, Vətənimizin onillərlə erməni işğalından əziyyət çəkmiş, dağıdılmış böyük bir parçasına hərtərəfli sahib çıxmağı bacarırıq. Qarabağda, Şərqi Zəngəzurda turizmin əksər növlərinin inkişafı üçün geniş potensial var və Tanrının bizə bəxş etdiyi həmin gözəlliklərdən səmərəli istifadə lazımi səviyyədə həyata keçirilir. Post-konflikt dövründə turizmin inkişafı üzrə ən yaxşı beynəlxalq təcrübələr nəzərə alınmaqla...
Bir ovuc torpaq!
Elə bil işğaldan azad olunmuş torpaqlarımızda olanda vaxt sürətlə gedir, ya bəlkə mənə elə gəlir? Tədbir yekunlaşdı və bizim üçün Ağdamla sağollaşıb geri, Bakıya qayıtmaq zamanı gəldi. Bütün həmkarlarım kimi könülsüz minirəm avtobusa. Deyəsən, Ağdamın da kefi pozulur qonaqları tez gedir, deyə. Səhərdən çəkilib kənarlarda gizlənmiş duman yavaş-yavaş şəhəri, yollarımızı bürüyür.
Hələ gəlib öz doğma ata-baba yurdunu görmək xoşbəxtliyini yaşamamış ağdamlı bir dostumun xahişi düşür yadıma. Demişdi gələndə bir ovuc torpaq gətirərsən! Ancaq nə əlim, nə ürəyim gəlir. İncimə, dost, daha Ağdamın, Şuşanın, Laçının, Xocalının, o biri şəhərlərin, rayonların, kəndlərin şəhid qanı ilə yoğrulmuş müqəddəs torpağına toxunmaq, ondan bircə ovuc belə götürüb aparmağa haqqımız yoxdur! İndi bizim özümüzün o torpaqlara doğru getmək, ona dönmək zamanıdır. Sən də hazırlaş, öz Ağdamına qovuşmaq, orada əbədi yaşamaq üçün köç karvanlarının yollara düzüləcəyi gün yaxındadır!
Mahir Rəsuloğlu, “İki sahil”,
Bakı-Ağdam-Bakı
P.S. Dəvətə və Ağdam səfərini yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycan Dövlət Turizm Agentliyinin rəhbərliyinə və bütün kollektivinə təşəkkür edirəm.