80 mindən çox ailəyə 40-dan çox istiqamətdə kiçik təsərrüfatların yaradılmasına dəstək göstərilib.
“İki sahil”in xəbərinə görə, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli "Potensial ABAD-çılara dəstək layihəsi" çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı deyib
Qurum rəsmisinin sözlərinə görə, Dövlət Məşğulluq Agentliyinin icra etdiyi işsiz və işaxtaran şəxslərin özünüməşğulluğunun təmin olunması proqramı Prezident İlham Əliyev tərəfindən başladılan geniş layihədir: “Ötən dövr ərzində 80 mindən çox ailəyə 40-dan çox istiqamətdə kiçik təsərrüfatların yaradılmasına dəstək göstərməyə çalışmışıq. Burada bizim qarşımızda iki əsas hədəf var idi. Birinci hədəf kifayət qədər çox insana çatmaq, ikincisi isə kiçik təsərrüfatların yaradılmasını maksimal səmərəli etməkdir. İkinci hədəf daha çətindir və agentlik olaraq digər tərəfdaşlar, dövlət qurumları ilə birgə bu məsələrə həssas yanaşmağa, daha vacib istiqamətlərdə ehtiyac sahiblərinin problemlərini həll etməyə çalışrıq”.
O qeyd edib ki, ABAD işsiz şəxslərə müəyyən kiçik təsərrüfatların yaradılması və həmin təsərrüfatların fəaliyyətinə dəstək göstərilməsinə hədəflənən maraqlı bir model idi: “Təcrübə də onu göstərir ki, bu, kifayət qədər uğurlu bir modeldir və həyata keçirdiyimiz layihənin səmərəliliyinin artırılması baxımından ən doğru tərəfdaşımız ABAD ola bilərdi".
M.Abbasbəyli vurğulayıb ki, növbəti mərhələlərdə layihənin genişləndirilməsi istiqamətində hər hansı çətinlik və uzanmalar baş verməyəcək: “Layihə çərçivəsində 23 benefisiar olacaq. Bu, 23 ailə, 23 təsərrüfat deməkdir və kifayət qədər ciddi rəqəmdir. Lakin biz dayanmamalı və fəaliyyətlərimizi genişləndirməliyik”.