Professor Zəhra Quliyevanın 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib
Dekabrın 21-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Əməkdar elm xadimi, professor Zəhra Quliyevanın 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

Tədbirdən əvvəl II Fəxri xiyabanda Zəhra Quliyevanın məzarı ziyarət edilib, üzərinə tər güllər düzülərək, xatirəsi ehtiramla anılıb.
Millət vəkilləri, ictimai xadimlər, Azərbaycan Tibb Universitetinin müəllimləri, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri və ailə üzvlərinin iştirak etdikləri konfransı giriş sözü ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, zərif və mülayim təbiətli insanın - ideallarına və prinsiplərinə sədaqət mücəssəməsi kimi qəbul edilən Zəhra xanımın şəxsiyyətinin bütövlüyünə heyran qalmamaq mümkün deyildi. Çünki o, təmənnasız və bütün imkanlarını insanlardan əsirgəməyən vətənpərvər ziyalı, əsl Azərbaycan qadını idi.

Bahar Muradova Zəhra xanımın zəngin həyat və yaradıcılığı haqqında danışaraq, görkəmli oftalmoloq alimin zəhməti və istedadı sayəsində 82 illik ömrünün hər gününü yüksək vətəndaş məsuliyyəti ilə yaşamağa üstünlük verdiyini, cəmiyyət arasında böyük hörmət və nüfüz sahibi olduğunu vurğulayıb. Qeyd edib ki, Z.Quliyeva ilə birgə çalışan həmkarları, tələbələri və yetirmələri, onu bir pedaqoq, bilik və bacarığını əsirgəmədən bölüşməyə hazır bir insan kimi xatırlayırlar.
Komitə sədri Ümummilli Lider Heydər Əliyevin Zəhra Quliyevanın fəaliyyət göstərdiyi bütün istiqamətlər üzrə əldə etdiyi nəticələri yüksək qiymətləndirdiyini, onu müxtəlif dövlət mükafatları, orden və medallarla təltif etdiyini diqqətə çatdırıb. Xüsusilə də Heydər Əliyevin Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin ilk sədri vəzifəsinə təyin edilməsi Zəhra xanımın fəaliyyətinə verilən dəyərin təzahürü idi.
Görkəmli alimin şəxsi keyfiyyətləri və xidmətləri haqqında danışan B. Muradova qeyd edib ki, o, sadəliyi və təvazökarlığı, humanistliyi və tələbkarlığı, prinsipiallığı, səmimiyyəti və mehribanlığı ilə diqqətləri hər zaman çəkməyi bacarırdı.
Tədbirin davamında Zəhra Quliyevanın xatirəsinə həsr olunmuş film nümayiş etdirilib.
Daha sonra səhiyyə nazirinin müavini Rasim İsmayılov, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, ictimai xadim Cəmilə Səttarova, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə çıxış edərək Zəhra Quliyeva haqqında xatirələrini bölüşüblər. Qeyd edilib ki, o, öz xüsusi dəst-xətti ilə seçilmiş, savadlı və peşəkar gənc oftalmoloq kadrların yetişməsində vacib rol oynamış, öz sanballı əsərləri ilə töhfələr bəxş etmiş, beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil etmiş, əsl loğman və istedadlı təbib kimi yaddaşlarda qalmışdır.
Konfrans bədii hissə ilə davam edib. Sonda xatirə şəkli çəkilib.
Yaqut Ağaşahqızı, “İki sahil”