“Bu gün gənclərimiz Bakı Kristal Zalına həmrəylik nümayiş etdirmək üçün toplaşmışdılar. Biz gənclər təşkilatları olaraq belə tədbiri reallaşdırmaqdan çox məmnunuq. Bu tədbir bir növ hər kəsə, dövlətə, xalqa, həmçinin Prezidentimizə həmrəylik mesajı ötürmək xarakteri daşıyır. Tədbir könüllü tələbələrin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ), həmçinin digər gənclər təşkilatlarının birgə həmrəyliyi nəticəsində təşkil olunub”.
“İki sahil” xəbər verir ki, bu barədə jurnalistlərə ATGTİ-nin sədri Pərviz Mirələmli deyib.
“Bakı Kristal Zalına on minlərlə gənc toplanıb. Lakin bizimlə birlikdə olmaq istəyən və qısa müddətdə qeydiyyatdan keçən 40 mindən çox gənc var idi ki, burada öz həmrəyliyini nümayiş etdirmək istəyirdi. Həqiqətən də möhtəşəm abı-hava idi. Biz həmin məkanda möhtəşəm görüntülərin şahidi olduq. Bu bizim üçün artıq yeni deyil. Gənclərimizin, xalqımızın həmrəy olmağını üç il əvvəl Vətən müharibəsi dövründə də müşahidə etmişdik. Biz gənclər yaxşı, pis gündə vahid yumruq altında birləşməyi, həmrəylik nümayiş etdirməyi hər zaman bacarırıq. Təbii ki, bu bizi sevindirir və fərəhləndirir. Mən bütün gənclərə bu dəstəyə və həmrəyliyə görə bir daha təşəkkür edirəm.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı, ölkənin aparıcı tələbə və könüllü təşkilatlarının dəstəyi ilə Bakı Kristal Zalında ilin ən möhtəşəm gənclər tədbiri – “Gənclərin Həmrəylik Festivalı” keçirilib.
On minlərlə gəncin iştirakı ilə təşkil edilən festivalın həyata keçirilməsində əsas məqsəd ərazi bütövlüyünü tam bərpa etmiş ölkənin qürurlu vətəndaşları olan gənclərin sevinc dolu 2023-cü ili yola salmaq və gələcək zəfərlər uğrunda dövlətin siyasi kursu ilə Azərbaycan gənclərinin həmrəyliyini dünyaya nümayiş etdirmək olub.
Festival ərzində gənclər sevə-sevə dinlədikləri müğənnilərin mahnılarının və oynaq musiqilərinin sədaları altında rəqs edərək şənləniblər.