Sosial Tədqiqatlar Mərkəzi dövlətin siyasət və qərarlarının hazırlanmasında vətəndaş rəyinin nəzərə alınmasına ictimai münasibəti öyrənib.
“İki sahil” xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin (STM) sorğu keçirib.
İctimai rəyin nəzərə alınmasının zəruriliyi respondentlərin sosial-demoqrafik məlumatlarından, onların cinsindən, yaşından, təhsil səviyyəsindən və məşğulluq vəziyyətindən asılı olmayaraq, mütləq əksəriyyəti tərəfindən ifadə olunub.
STM-in “Sizcə, dövlətin siyasət və qərarlarının formalaşmasında ictimai rəyin nəzərə alınması zəruridirmi?” sualına respondentlərin 90,3%-i “bəli, zəruridir”, 7,4%-i “xeyr, zəruri deyil” cavabını verib. Respondentlərin 2,3%-i fikir bildirməkdə çətinlik çəkib.
Sorğular 2023-cü ilin 25-28 noyabr tarixlərində, 18 yaşından yuxarı 390 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib. Seçmə ehtimallı üsulla ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. Naxçıvan və Şərqi Zəngəzur iqtisadi rayonları istisna olmaqla, 12 iqtisadi rayon seçmə çərçivəsində əhatə olunub. Təsadüfiliyi təmin etmək məqsədilə sözügedən iqtisadi rayonlar üzrə inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından xüsusi proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub.
Sorğularda anonimlik təmin edilib. Respondentlərə sorğunun könüllü iştirak əsasında aparıldığı və nəticələrin yalnız ümumiləşdirilmiş formada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.
Qeyd edək ki, STM-in sosioloji sorğularla yanaşı, beyin mərkəzi statusunda hazırladığı çoxsaylı təhlil sənədləri elmi tədqiqatların idarəetmə prosesini daha səmərəli edəcəyi ideyasına əsaslanır. Belə ki, beyin mərkəzlərinin rasional idarəetmədə müstəsna rolu dünyada XX əsrin əvvəlindən ənənə formalaşdırıb, strateji araşdırmalar “soyuq müharibə” dövründə renessans mərhələsini keçib və 90-cı illərdə yaradılan beyin mərkəzlərinin sayı kulminasiya nöqtəsinə çatıb. STM və digər analoji qurumlar hazırda ölkənin aparıcı beyin mərkəzləri olaraq, bu missiyanı uğurla yerinə yetirməyə çalışır.