Bu il yanvarın 1-nə Azərbaycanda 1 823 757 abonent içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin istifadəçisi kimi qeydiyyatda olub.
"iki sahil" Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir ki, abonentlərin 1 750 522-si və yaxud 96 %-i əhali, 73 235-i və yaxud 4 %-i qeyri-əhali qrupu abunəçiləridir.
İl ərzində abonent sayında artım yeni layihələrin icrası nəticəsində istehlakçıların mərkəzləşdirilmiş içməli və tullantı su şəbəkələrinə qoşulması, yeni tikilmiş fərdi yaşayış evləri sahiblərinin texniki şərt alaraq abonent kimi qeydiyyata düşməsi, Mənzil Tikinti Kooperativlərindən yeni abonentlərin qeydiyyata alınması, eləcə də içməli su və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə hallarının aşkarlanaraq qeydiyyata alınması hesabına baş verib.
Ötən ilin sonuna abonentlərin 90,2 %-i sayğacla təmin olunub. Hazırda əhali qrupu abonentləri üzrə sayğaclaşma səviyyəsi 89,9 %, qeyri əhali qrupu üzrə isə 95,9% təşkil edir.