24 yanvar 2024 02:57
395

Dəyişən geosiyasi reallıqlar və...

Tarixi İpək Yolunun Azərbaycandan keçməsi ölkəmizin logistika sahəsində qədim ənənələrə malik olduğunu göstərir. Ölkəmiz enerji və ticarət yollarının kəsişməsində yerləşməsi, inkişaf etmiş infrastrukturu ilə nəqliyyat habına çevrilib. Qədim İpək Yolunun bərpası istiqamətində mühüm həlqə olan Azərbaycan, eyni zamanda, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu, Şimal-Cənub, Şərq-Qərb Beynəlxalq Nəqliyyat dəhlizlərinin təşəbbüskarı və icraçısı kimi çıxış edir. Ölkəmiz Şərqlə Qərb arasında qapı rolu oynamaqla yanaşı, həmçinin Şimalla Cənubu da birləşdirən mühüm tranzit mərkəzidir. Bütün bunlar ölkəmizin strateji mövqeyə malik olduğundan xəbər verir.

Son illər ölkəmizdə hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatının inkişafı istiqamətində mühüm layihələr həyata keçirilib. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin hər ikisində iştirak edən yeganə ölkədir. Ölkəmiz bu nəqliyyat dəhlizlərinin fəal iştirakçısı kimi, öz hesabına dəmir, avtomobil yolları və hava nəqliyyatı ilə bağlı olan infrastruktur layihələrinə investisiya yatırıb.

Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası saziş əsasında təməli qoyulan Şimal-Cənub dəhlizinin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır. Hazırda mövcud marşrutla Hindistandan Rusiyaya yüklərin çatdırılması üçün 6 həftədən artıq vaxt tələb olunursa, Şimal-Cənub nəqliyyat dəhlizinin tam fəaliyyətə başlaması ilə bu müddət iki dəfə azaldılacaq. Hesablamalara görə, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin yükdaşıma potensialı 2030-cu ilə qədər 14,6 milyon tondan 24,7 milyon tona qədər artacaq. Bu isə Azərbaycanın bölgənin ən əsas tranzit və logistik mərkəzinə çevrilməsinə böyük təkan verəcək.

Daha bir mühüm layihə uzaq Çini Avropa İttifaqı ilə Mərkəzi Asiya, Qafqaz və Türkiyə vasitəsilə birləşdirən multimodal Orta Dəhlizdir (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) ki, bu da Azərbaycanın iqtisadi maraqlarını əks etdirən irihəcmli beynəlxalq layihədir. Bu dəhlizin əhəmiyyətini artıran məsələlərdən biri Rusiya-Ukrayna müharibəsidir. Çünki Rusiya vasitəsilə Asiyadan Avropa İttifaqı bazarlarına məhsulların tədarükündə problemlərin yaranması Orta Dəhlizə olan marağı daha da artırıb. Bu baxımdan dəhlizin fəaliyyətinin gücləndirilməsi Qərb ilə Şərq arasında təbii körpü rolunu oynayan Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. İqtisadi baxımdan səmərəli, siyasi cəhətdən də xüsusi əhəmiyyət kəsb edən Orta Dəhliz Avrasiya regionunda son illər ən çox müzakirə olunan məsələlərdən biridir. Çinin “Bir kəmər, bir yol” layihəsinin bir parçası kimi Orta Dəhliz, həmçinin tarixi İpək yolunun ən mühüm komponentlərindən biridir. Bu səbəbdən dəhlizə Çinin də marağı olduqca yüksəkdir. Çünki Orta Dəhliz üzrə tranzit müddətinin 2024-cü ildə 18-23 gündən 14-18 günə, o cümlədən Qazaxıstan ərazisində 6 gündən 5 günə endirilməsi planlaşdırılır.

Bu gün Azərbaycanın yaratdığı reallıqlardan biri də Zəngəzur dəhlizidir. Bu dəhliz vasitəsilə Azərbaycandan Türkiyəyə daşınan yükləri qısa müddətdə Avropa və Yaxın Şərq ölkələrinə çatdırmaq imkanı yaranacaq, Zəngəzur dəhlizi ölkəmizin tranzit imkanlarını daha da genişləndirəcək. İşğaldan azad edilən ərazilərdə dəmir yolu infrastrukturunun yenidən qurulmasına və təzə xətlərin çəkilməsinə artıq start verilib. Hazırda Bərdə-Ağdam, Horadiz-Ağbənd dəmir yolu xətlərinin yenidən qurulması və Füzuli-Şuşa təzə dəmir yolu xəttinin inşası istiqamətində işlər davam edir. Horadiz-Ağbənd dəmir yolunun inşasının bu il yekunlaşdırılması nəzərdə tutulub. Zəngəzur dəhlizinin açılmasına bəzi dövlətlər maneələr yaratmaq istəsələr də Çin, Rusiya və Türkiyə bu dəhlizin açılmasında maraqlıdır. Üstəlik, bir sıra Avropa ölkələri də bu dəhlizin üstünlüklərini görür, dəstəkləyir. Yaradılan əngəllərə cavabı növbəti ən qətiyyətli addımı ilə verən Azərbaycan 2022-ci ilin martında İranla Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında memorandum imzaladı. Memorandumun məqsədi Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir və avtomobil yollarının açılması, eləcə də rabitə və enerji xətlərinin yaradılmasından ibarətdir. Bu məqsədə nail olmaq üçün Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur. Artıq Azərbaycan Zəngilan, İran, Naxçıvan və yenidən Türkiyə ərazisindən keçəcək bu yolun yaradılması ilə bağlı böyük işlər həyata keçirilir. Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək dəmir yolu xətti üzrə layihələndirmə işlərinə başlanılıb.

Beynəlxalq iqtisadi əlaqələri dəniz nəqliyyatının iştirakı olmadan təsəvvür etmək mümkün deyildir. Dəniz nəqliyyatı vahid nəqliyyat sistemində digər nəqliyyat növləri ilə müqayisədə ən ucuz nəqliyyat növüdür. Dəniz ticarəti imkanlarından faydalanmaq üçün bir sıra dünya ölkələrində liman qovşağının yaradılmasına investisiya qoyulur. 2018-ci ildən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verilib. Azərbaycanda və ölkə xaricində liman əməliyyatları ilə yanaşı, gəmilərin müasirliyi və yükgötürmə qabiliyyətinin yüksək olması vacib məsələlərdən biridir. Hazırda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin tərkibinə nəqliyyat donanması ilə yanaşı, ixtisaslaşdırılmış donanma və gəmi təmiri zavodları daxildir. Nəqliyyat donanmamızın tərkibində 50-dən çox gəmi, o cümlədən 20 tanker, 13 gəmi-bərə, 15 universal quru yük gəmisi, 2 Ro-Ro və 2 Ro-Pax tipli gəmi vardır. İxtisaslaşdırılmış donanma isə 200-dən çox gəmidən ibarətdir. Azərbaycanda Xəzər dənizi ilə yükdaşımaların sürətləndirilməsi və yüklərin həcminin artırılması məqsədilə gəmilər mütəmadi təmir edilir, donanmamız yeni gəmilərlə təchiz olunur. Nəticədə 2023-cü ildə Azərbaycanda dəniz nəqliyyatı ilə 1 milyard 924 milyon 683 min ABŞ dolları dəyərində 2 milyon 602 min 380 ton yük daşınıb. Dünyada baş verən proseslər səbəbindən Beynəlxalq Dəniz Ticarət Limanının rolu artıb. Avrasiya məkanında mühüm geostrateji mövqedə yerləşən, zəngin iqtisadi və ticari əlaqələri olan Azərbaycan Bakı limanı açılandan sonra dəniz nəqliyyatının inkişafının yeni, müasir mərhələsinə qədəm qoyub. “Bir kəmər, bir yol” meqalayihəsinin əsas qollarından olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı dünya ticarətinin və ölkələr arasında qarşılıqlı münasibətlərin inkişafına çox böyük təsir göstərəcək. Bakı limanı üzərindən artan yük həcmlərinin qəbulu və ötürülməsi prosesini daha rahat həyata keçirmək üçün ikinci fazanın tikintisi ilə bağlı işlər görülür. Nəticədə Bakı limanından ildə 25 milyon tona qədər yük aşırılacaq, 500 min TEU konteyner keçə biləcək. Mütəmadi olaraq inkişaf etdirilən, təkmilləşdirilən Bakı limanında 2023-cü ilin yanvar-noyabr ayları ərzində 6 milyon 735 min tondan çox yük aşırılıb. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 15 faizdən çox artım deməkdir.

Ölkəmizin nəqliyyat sisteminin inkişaf etmiş mühüm sahələrindən biri də dəmir yollarıdır. Azərbaycan nəqliyyat sektorunun digər növlərinə olduğu kimi, dəmir yolunun inkişafına da xüsusi diqqət yetirir, bu istiqamətdə beynəlxalq layihələrin təşəbbüskarı kimi çıxış edir. Dünyanın ən iri 100 layihəsindən biri sayılan Bakı-Tbilisi-Qars dəmir yolu buna bir nümunədir. Artıq 6 ildən çox müddətdir istifadəyə verilən, Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizinin, xüsusilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun mühüm hissəsi kimi BTQ qitələrarası daşımalar üçün geniş imkanlar açıb. Çin ilə Avropa ölkələri arasında ən qısa marşrut olan bu dəmir yolunun əhəmiyyəti indi də artmaqdadır. Hazırda BTQ dəmir yolu xəttinin buraxılış gücünün artırılması istiqamətində işlər yekunlaşmaq üzrədir. Bununla bağlı dəmir yolunun Gürcüstan ərazisində genişləndirilmə işləri aparılır. BTQ-nin yaratdığı əlverişli şərait bir çox ölkələri, xüsusilə Şərq ölkələrinin diqqətini cəlb edib. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox azaltmağa imkan verir. Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Bu ilin sonunadək həmçinin Sumqayıtdan Yalamaya qədər olan təxminən 333 kilometr uzunluqda əsas dəmir yolu xəttinin yenidən qurulması, o cümlədən tikinti konstruksiyalarının və dəmir yolu keçidlərinin tikintisi və quraşdırılması, həmçinin Şimal-Cənub dəmir yolu dəhlizinin Yalamadan Astaraya qədər olan hissəsinin yenilənməsi nəzərdə tutulur. Hazırda Bakı-Yalama dəmir yolu və daha geniş mənada Azərbaycandan keçməklə Cənubi Asiya və Rusiya arasında yükdaşımaların artması qeyd olunur. Hesab edilir ki, bu istiqamətdə dəmir yolu yükdaşımaları Xəzər dənizi və ya Süveyş kanalı vasitəsilə tranzitdən daha asan başa gələcək.

Sevinc Azadi, “İki sahil”