Bu Qanunun ölkə iqtisadiyyatına hansı təsirləri olacaq?
Prezident İlham Əliyevin bir neçə gün öncə imzaladığı “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” fərmanda Tarif Şurası tərəfindən müəyyən edilmiş qiymətlərin əsassız olaraq dəyişdirilməsinə görə təbii inhisar subyektlərinə maliyyə sanksiyası tətbiq edilməsi məsələsi öz əksini tapıb. Bildirilir ki, Tarif Şurası tərəfindən müəyyən edilmiş qiymətlərin əsassız olaraq dəyişdirilməsinə görə təbii inhisar subyektinə rəqabət orqanı tərəfindən qərarın verildiyi ildən əvvəlki maliyyə ilində həmin təbii inhisar subyektinin ümumi dövriyyəsinin 0,1 faizi məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.
Qiymətin aşağı və ya yüksək inhisar qiyməti hesab edilməsinin meyarları sırasında məhsulun qiymətinin hökmran mövqe tutmayan və həmin məhsulun qiymətini müəyyən edən təsərrüfat subyektləri ilə eyni şəxslər qrupuna aid olmayan alıcıların və satıcıların məhsullarının müvafiq bazarda və ya müqayisə edilə bilən rəqabətli bazarda formalaşan qiymətindən aşağı və ya yüksək olması, məhsulun istehsalı və satışı üçün zəruri olan xərclərin dəyişməz qalması və ya həmin xərclərdəki dəyişikliyin məhsulun qiymətindəki dəyişikliyə münasibətdə qeyri-mütənasib olması və s. kimi amillər nəzərdə tutulur. Müvafiq bazarda qiyməti müqayisə etmək mümkün olmadıqda, məhsulun müqayisə edilə bilən rəqabətli bazardakı, o cümlədən Azərbaycan Respublikasının hüdudlarından kənardakı qiyməti ilə müqayisə aparılır. Müqayisə edilə bilən rəqabətli bazarda, o cümlədən Azərbaycan Respublikasının hüdudlarından kənardakı rəqabət şəraitində formalaşmış qiyməti müəyyən etmək mümkün olmadıqda, bazar subyektinin xərclərinin və gəlirlərinin təhlili əsasında qiymət müəyyən edilir.
Çoxdandır təsdiq edilməsi gözlənilən bu Məcəllənin qüvvəyə minməsi sözügedən orqanların fəaliyyətinə və qiymətlərin tənzimlənməsinə necə təsir edəcək?
İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Rəqabət Məcəlləsi hər bir ölkə iqtisadiyyatı üçün son dərəcə vacib amildir: “Bu Məcəllə olmadan rəqabət olmaz. Rəqabət olmasa, ölkədə iqtisadiyyatın inkişafı və insanların sosial rifahı yüksəlməz. Bu baxımdan Məcəllənin çox önəmi var və ölkənin iqtisadi qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində 2023-cü ildə atılmış ən uğurlu addımdır. Bu Məcəllə birmənalı olaraq ölkədə iqtisadi mühiti yaxşılaşdıracaq, məşğulluğun təminində öz rolunu oynayacaq. Həmçinin əhalinin məhsul əlçatanlığına və keyfiyyətinə müsbət təsir göstərəcək. Rəqabət Məcəlləsi təsdiq edildi və eyni Fərmanla bir sıra dövlət qurumlarına, o cümlədən, Nazirlər Kabinetinə cənab Prezident İlham Əliyev tərəfindən 23 bənd üzrə tapşırıqlar verildi. Bunlardan ən vaciblərindən biri Məcəllənin pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihəsinin 6 ay müddətində hazırlanıb Prezidentə təqdim edilməsidir. Bundan əlavə, tapşırıqları qruplaşdırsa, 6 ay müddətində Nazirlər Kabineti Məcəllənin tətbiq edilmədiyi sahələri və məhsulları, sazişlərin rəqabəti məhdudlaşdıra bilməsinə dair meyarları, bazar paylarının hesablanması, yoxlamaların keçirilməsi qaydalarını, götürülmüş malların qaytarılmasını, məhv edilməsi və ya dəyərinin ödənilməsi qaydalarını, maliyyə sanksiyalarının hesablanması qaydaları kimi bir çox normativ hüquqi aktları Prezidentlə razılaşdırmaqla təsdiq etməlidir. 4 ay müddətində isə Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydalarını, Azərbaycan Respublikasının Mərkəzi Bankının təklifi əsasında maliyyə institutlarının hökmran mövqeyinin müəyyən edilməsi şərtlərini, təbii inhisar subyektlərinin siyahısını, bazarın monitorinqinin aparılması və aktın tərtib edilməsi qaydasını və digər normativ hüquqi aktları qəbul etməlidir.
Göründüyü kimi, bu Məcəllənin işə düşərək effektiv nəticələr verməsi üçün hələ görüləcək işlər var. Lakin işin ən böyük hissəsi Məcəllənin qəbul edilməsi idi ki, bu da nəhayət baş verdi. Məcəllənin daha təkmil mexanizmə gətirilməsi isə zaman məsələsidir”.
Sayalı Abasova, “İki sahil”