31 yanvar 2024 11:40
867

Zabuxda qazi Taleh İsgəndərliyə evinin açarları təqdim olunub - FOTO/EKSKLÜZİV

Laçının Zabux kəndində 44 günlük İkinci Qarabağ müharibəsi qazisi Taleh İsgəndərliyə evinin açarları təqdim olunub.

Bu barədə “İki sahil”ə Şərqi Zəngəzur 2 saylı Bərpa, Tikinti-İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin, eləcə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və Şərqi Zəngəzur 2 saylı Bərpa, Tikinti-İdarəetmə Xidmətinin əməkdaşları qazinin evində olublar, ona yaradılan şəraitlə tanış olublar.

Qeyd edək ki, Taleh İsgəndərov 2020-ci ilin sentyabrında Füzulinin, Xocavəndin, Cəbrayılın və Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Taleh İsgəndərli “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Taleh İsgəndərov hazırda Zabux kənd tam orta məktəbində hərbi hazırlıq və fiziki tərbiyə müəllim işləyir.

Məlumat üçün bildirək ki, o, bir müddət əvvəl evlə təmin olunması üçün nümayəndəliyə müraciət etmişdi.