Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının və Kürdəmir Gənclər Evi SXM-in birgə təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Günü ilə əlaqədar “Ulu Öndər və Azərbaycan gəncliyi” adlı dəyirmi masa keçirib.
“İki sahil” xəbər verir ki, YAP Kürdəmir rayon təşkilatının qərargahında keçirilən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov məruzə edərək bildirib ki, bu gün gənclərimizə böyük etimad, diqqət və qayğının göstərilməsi Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan siyasətin davamıdır. Ümummilli Lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib. Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılmış, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmişdir. Həmin gənclər bu gün ölkəmizdə müxtəlif sahələrdə savadlı və təcrübəli mütəxəssis kimi dövlətimizə böyük fayda verməkdədirlər. 1993- cü ildə Ulu Öndərin hakimiyyətə qayıdışından sonra gənc nəslə olan diqqət dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır.1997-ci il fevralın 2-də Azərbaycanda “Gənclər Günü”nün elan oluması ilə bağlı Fərman bu sahədə atılan növbəti addım oldu. 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilməyə başlanıldı. Həmin il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev tarixi çıxış edərək gənclərin qarşısına şərəfli vəzifə qoydu. Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı sayəsində o zamanlar Sovetlər İttifaqının 50-dən artıq iri şəhərinin 170 nüfuzlu ali məktəbində bütövlükdə 80-dək sahəni əhatə edən 150 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasına imkan və şərait yaradılmışdır.
Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu ölkə rəhbərimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir. Hazırda Prezident İlham Əliyev Ulu Öndərimizin müəyyənləşdirdiyi gənclər siyasətini uğurla davam etdirir. Dövlətimizin başçısının dediyi kimi, Azərbaycan gəncləri ölkəmizin uğurlu inkişafında öz fəal rolunu oynayırlar. Artıq Azərbaycan beynəlxalq aləmdə sabit, demokratik ölkə imicini daha da möhkəmləndirmişdir.Elə bunun bariz nümunəsidir ki, ölkəmiz nüfuzlu beynəlxalq tədbirlərə , konfranslara və idman yarışlarına ev sahibliyi edir. Xüsusilə, gənclərimiz milli maraqlarımızın qorunması işində də prinsipial mövqe nümayiş etdirirlər. 44 günlük müharibə isə Azərbaycan gəncliyinin yenilməz ruhunu, qəhrəmanlığını və şücaətini bütün dünyaya nümayiş etdirdi. Məhz cənab İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclərin qəhrəmanlığı nəticəsində torpaqlarımız işğaldan azad edildi.
Çıxış edən YAP-ın gənc fəalı, Kürdəmir Gənclər Evi Sosial Xidmət Müəssisəsinin direktoru Nicat Ağarəhimov vurğulayıb ki, hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” deyən ulu öndərimiz Azərbaycan gəncliyinin yenidən təşkilatlanması, ölkədə gənclər hərəkatının, gənclik əzmi və enerjisinin vahid mərkəzdən idarə olunması məqsədilə 1994-cü ilin 26 iyul tarixində Gənclər və İdman Nazirliyinin yaradılması barədə Fərman imzaladı. 1995-ci ilin martında Respublika gəncləri ilə görüşən Ulu Öndərimiz onların sağlam ruhda tərbiyə olunmaları və əsl vətəndaş kimi yetişmələri naminə əlindən gələni əsirgəməyəcəyini bəyan etdi. Bu bəyanatın real təzahürü 1996-cı ilin 2 fevralından etibarən hər üç ildən bir Azərbaycan gənclərinin forumunun təşkil edilməsi, ölkədə gənclər gününün təsis olunması,gənclərimizin problemlərinin həllinə yönələn çoxsaylı fərman və sərəncamların imzalanması, qanunların qəbulu, gənclərin dövlət quruculuğu prosesinə cəlb edilməsi ilə reallığa çevrildi.
Tədbirdə Kürdəmir Gənclər Evi Sosial Xidmət Müəssisəsinin metodistləri Rövşən Seyidov və Cəmilə Məmmədova çıxış edərək bildiriblər ki, Azərbaycan xalqının mənafeyinə əsaslanan dövlət gənclər siyasəti 2003-cü ilin oktyabrından etibarən Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən uğurla və layiqincə davam etdirilir. Ölkə rəhbəri, partiyamızın Sədri gənclərimizin qarşısında xalqımıza, dövlətimizə, ölkəmizə sədaqətlə xidmət etmək, həyatda fəal olmaq və Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında yaxından iştirak etmək kimi önəmli vəzifələr qoyur. Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir və Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevirlməsi prosesinə öz töhfəsini verməyə çalışır.
Tədbirin sonunda YAP Kürdəmir rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup gənclərə Fəxri Fərmanlar təqdim edilib.
Paytaxtın daha iki küçəsində təmir işləri aparılacaq, hərəkət müvəqqəti məhdudlaşdırılacaq
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Bahadur Kamalov Kəlbəcərdə dəfn edilib