28 fevral 2024 01:36
633

İlon Maskın neyroçipi haqqında bunları bilirdinizmi?

“Neuralink”dən neyroçipi olan xəstə artıq ondan təyinatı üzrə istifadə etməyə başlayıb. Bu ilin yanvar ayının sonunda İlon Maskın qurduğu şirkətdən neyroçip implantasiya edilən şəxs kompüterin siçan kursorunu düşüncə gücü ilə idarə edə bilib. Sahibkar üç həftə əvvəl həyata keçirdiyi əməliyyatın müsbət nəticələrini “Spaces”də keçirilən audio görüşdə açıqlayıb. İndi neyroimplantın ilk istifadəçisi əli olmadan siçan düyməsini basmağı öyrənməyə çalışır.

Cihaz haqqında nə bilirik?

“Neuralink”in hazırladığı neyroçip kiçik sikkə ölçüsündə sap kimi elektrodları olan mikro cihazdır. O, insan kəlləsinə yapışdırılır və beynin özünə 1,5 minə qədər elektrod yerləşdirilir ki, onların hər biri elastik və nazik polimer sapdır - insan saçından dörd dəfə nazikdir.

İlon Maskın kompüter siçanını ağılla idarə etməyə imkan verən çipi haqqında nə məlumdur?

Çip 4/4 millimetr ölçülü prosessora malikdir, 10 min elektroddan məlumatları emal edə bilir. USB-C kabeli məlumat ötürülməsi üçün maksimum ötürmə qabiliyyətinə zəmanət verir - çip siqnalı ötürmək üçün güclü mikrogücləndiricilərə malikdir.

Xatırladaq  ki, Maskın çipi tarixdə ilk deyil, lakin texnologiyanın başlıca nailiyyəti onun həqiqətən kiçik və simsiz olmasıdır. Eyni zamanda, cihazın nə qədər biouyğun və təhlükəsiz olduğu və yaxın aylarda necə işləyəcəyi hələ də bəlli deyil. Fakt budur ki, beyinə implantasiya edilən elektrodlar adətən ilk bir neçə həftə ərzində yaxşı siqnal verir, sonra isə orqanizmin immun sistemi onların işini boğur.

Xatırladaq ki, çip layihəsi 2016-cı ildən start götürüb və 2023-cü ilə qədər “Neuralink”in dəyəri 5 milyard dollara yüksəlib. Startapın menecerləri artıq təhlükəli materialların hərəkəti qaydalarını pozduqlarına görə cərimələniblər və 2022-ci ildə “Reuters” agentliyi şirkət əməkdaşlarının eksperimental heyvanlara qarşı qəddar rəftarına görə araşdırmaya başlanıldığını bildirib. 2021-ci ilin fevralında isə İlon Mask “Telepatiya” simsiz neyron interfeysinin meymuna uğurla implantasiya edildiyini açıqlamışdı.

 ABŞ-ın tibbi tənzimləyicisi 2023-cü ilin mayında “Neuralink”in insanlar üzərində sınaqlara başlamasına icazə verib. Startap insan könüllüləri axtarmağa 2023-cü ilin sentyabrında başlayıb və onları boyun onurğa beyninin zədələnməsi və ya amiotrofik lateral skleroz səbəbindən qol və ayaq iflicindən əziyyət çəkən xəstələr arasından seçib. İnnovativ texnologiyanın onlara kömək edib-etməyəcəyini zaman göstərəcək.

Nubar Süleymanova, “İki sahil”