ABŞ-ın İndiana ştatının Perdyu Universitetinin alimləri müəyyən ediblər ki, qaz sobasında yemək bişirən zaman havaya buraxılan nanohissəciklər dizel yanacağı ilə işləyən avtomobillərin havaya buraxdığı nanohissəciklər daha çox olur.
“İki sahil” xəbər verir ki, araşdırma “PNAS Nexus” elmi jurnalında dərc olunub.
Mütəxəssislər araşdırma nəticəsində diqqəti 1-3 diametrli nanohissəciklərə yönəldiblər. Müəyyən edlib ki, həmin hissəciklər asanlıqla tənəffüs sisteminə daxil olur. Bu isə sonda astma və ya digər tənəffüs yolu xəstəliklərinin inkişafına səbəb olur.
Alimlər havanın keyfiyyətini ölçən ən müasir avadanlıqlardan istifadə edərək, xüsusi hazırlanmış otaqda nanohissəciklərin səviyyəsini ölçə biliblər. Onlar müəyyən ediblər ki, qaz sobasında bir kiloqram yanacaq yandırıldıqda havaya 10 kvadrilyon nanoklasterə qədər aerozol hissəcikləri daxil olur. Bu isə o deməkdir ki, qapalı şəraitdə qaz sobasında yemək bişirilən zaman böyüklər və uşaqlar küçədə nəqliyyatın sıx olduğu yerdəkindən təxminən 10-100 dəfə daha çox nanoklaster aerozolu qəbul edirlər. Alimlər məsləhət görür ki, yemək hazırlayarkən həmişə hava aspiratorunu açıq saxlamaq vacibdir.
Nüsrət Məmmədov, “İki sahil”