29 fevral 2024 00:58
602

Taurin “həyat iksiri” ola bilər - Alimlər

Elm adamları ət və balıqda olan və əlavə qida maddəsi kimi satılan taurinin müxtəlif heyvan növlərində ömrü uzatdığını və sağlamlıq üçün faydalı olduğunu söyləyirlər.

Müxtəlif heyvan növlərində, o cümlədən insanlarda taurin səviyyəsi yaşla azalır.

Orta yaşlı heyvanlar üzərində aparılan təcrübələr göstərib ki, taurinin yetkinlik yaşına çatmayan dövrdəki səviyyələrə artırılması ömrü 10 %-dən çox uzadıb və fiziki və beyin sağlamlığını yaxşılaşdırıb.

Tədqiqatçılar deyirlər ki, taurin "həyat iksiri ola bilər". Bununla belə, artırılan taurin səviyyəsinin öyrənilməsi hələ ki,  insanlarda sınaqdan keçirilməmişdir. Buna görə də Nyu-Yorkdakı Kolumbiya Universitetinin komandası insanlara daha uzun yaşamaq üçün taurin həbləri və ya tərkibində taurin olan enerji içkiləri qəbul etməməyi tövsiyə edir.

Ancaq qocalmanı yavaşlatmaq axtarışının bir hissəsi olaraq heyvanlar üzərində araşdırmalar davam etdirilir.

Tədqiqat qrupu 11 ildir ki, bu qidanın qocalmadakı rolunu üzə çıxarmağa çalışır.

Bu işə gənc və yaşlılar arasındakı fərqləri aşkar etmək üçün müxtəlif heyvan növlərinin qanındakı molekulların təhlili ilə başlanılıb.Tədqiqatçı doktor Vijay Yadav deyir ki, yaşlıların qanında ən bariz azalmanı göstərən molekullardan biri də taurindir. Yaşlılarda taurin səviyyəsi gənclərlə müqayisədə 80 % aşağı olur.

Tədqiqatda, 14 aylıq siçanlara, insanlar üçün təxminən 45 yaşa uyğun olan taurinin gündəlik dozası verilib.

“Science” jurnalında dərc edilən nəticələr erkək siçanların 10 %, dişilərin isə 12 % daha çox yaşadığını və hər ikisinin daha sağlam olduğunu göstərib.

"Hansı yöndə yoxlasaq da, taurinlə zənginləşdirilmiş siçanlar daha sağlam idi və daha gənc görünürdülər",-deyə doktor Yadav bildirib.

Münix Texniki Universitetindən araşdırmaya qatılan professor Henning Veykerec bu nəticələrin inanılmaz dərəcədə yüksək olduğunu vurğulayaraq "Taurin yaşlanma motoruna təsir edir”, -deyib."Onlar daha arıq idilər, enerji xərcləri, sümük sıxlığı artmış, yaddaşları yaxşılaşmış və immun sistemləri daha cavanlaşmışdı",-Veykerec bildirib.

Tədqiqatçılar 12 min insan üzərində apardıqları analizdə qanlarında daha çox taurin olanların ümumiyyətlə daha sağlam olduğunu aşkar ediblər. Onlar iddia edirlər ki, siçanlardan əldə edilən məlumatlar insanlar üçün də keçərli olarsa, ömür 7-8 il uzanacaq.

Taurin əlavəsinin insanlara faydası olub-olmadığını müəyyən etmək üçün bəzi insanlara bu qida maddəsini, digərlərinə isə plasebo həbi verməklə klinik sınaqlar aparılmalıdır.

İnsan biologiyasındakı fərqlər taurinin digər heyvanlarda olduğu kimi işləməsinə mane ola bilər və ya yaşla birlikdə səviyyələrin azalmasının təkamül səbəbi ola bilər.

Taurini heyvan mənşəli qidalardan ala bilsək də, təcrübələrdə istifadə olunan miqdarda istehlak etmək çətindir. Heyvan təcrübələrində istifadə olunan doza insanlara uyğunlaşdırıldıqda, bu, gündə 3-6 qrama bərabərdir.

"İnsanlara taurin əlavələri qəbul etməyi tövsiyə etməzdən əvvəl klinik sınaqların tamamlanmasını gözləməliyik" ,-deyə Yadav bildirib.

Nubar Süleymanova, “İki sahil”