29 fevral 2024 02:58
523

Yenilənən yol infrastrukturu: Müasirlik və inkişafımızın göstəricisi

Bu gün Azərbaycanda dövlət ən müasir yol infrastrukturu qurulması istiqamətində irimiqyaslı layihələr icra olunur. İndi istər paytaxt Bakıda, istərsə də bölgələrdə uzanan müasir yollar ümumilikdə ölkə əhalisinin təhlükəsizliyini və rahatlığını təmin etməklə yanaşı, regionların sosial-iqtisadi inkişafına da təsir göstərir.

Ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayan infrastrukturun önəmini nəzərə alan dövlətimizin başçısı İlham Əliyev bu sahəni daim diqqət mərkəzində saxlayır. Son illər respublikamızın bütün şəhər, rayon və kəndlərində yol tikintisinə çoxmilyardlıq investisiyalar qoyulub. Ölkə daxilində dəmir yolu nəqliyyatı sahəsində də önəmli layihələr icra edilir. Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycanın təşəbbüsü ilə inşa edilməsi bölgəmizdə və bütövlükdə Avrasiyada yeni nəqliyyat xəritəsini yaratdı. Hava nəqliyyatına gəldikdə isə Heydər Əliyev Beynəlxalq Aeroportu MDB məkanında birinci yerdədir. Təkcə Davos Ümumdünya İqtisadi Forumunun hesabatına baxmaq kifayətdir ki, hər kəs bu sahədə çox ciddi islahatlar aparıldığını, Azərbaycanın reytinqlərə görə dünya miqyasında qabaqcıl yerlərdə dayandığını görsün. Ölkəmiz avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşür. Dəmir yollarının səmərəliliyinə görə dünyada 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə isə 12-ci yerdəyik.

Son 20 ildə Bakıda bir sıra irimiqyaslı yol layihələri həyata keçirilib. Hazırda Bakıda dünyanın bütün iri şəhərləri üçün xarakterik olan tıxac probleminin aradan qaldırılmasında son illərdə tikilən körpülər, tunellər, yeraltı və yerüstü keçidlər, yol qovşaqları mühüm rol oynayır. Bəhs olunan dövrdə ölkə ərazisində hər il təxminən min kilometr uzunluğunda avtomobil yolları tikilib və yaxud əsaslı şəkildə yenidən qurulub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına görə, ümumilikdə, 2003-2023-cü illər ərzində ölkədə 6 782,6 km respublika əhəmiyyətli, 11 418,7 km yerli əhəmiyyətli, 2 454,4 km Bakı şəhər yolları və 47,9 km Sumqayıt şəhər yolları olmaqla 20 703,6 km uzunluğunda yeni yol tikilib, yenidən qurulub və yaxud təmir edilib.

Ötən il respublikamızda ilk ödənişli yol istifadəyə verildi. Bu, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoludur. Təməli 2017-ci ildə qoyulan ilk ödənişli yolun açılışı 2023-cü il oktyabrın 20-də Prezident İlham Əliyevin iştirakı ilə baş tutub. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq yeni avtomobil yolunun Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayaraq Rusiya sərhədinədək olan 150 kilometrlik hissəsi birinci texniki dərəcəyə uyğun inşa edilib.

Azərbaycan yol infrastrukturunun keyfiyyəti reytinqində MDB dövlətləri arasında 1-ci, dünyanın 140 ölkəsi arasında isə 27-ci yerdə qərarlaşmağa müvəffəq olub.

Respublikamızda yol layihələrinin icrası ara verilmədən fasiləsiz şəkildə davam etdirilir. 2023-cü il ərzində 881,7 kilometr uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub. Buraya respublika əhəmiyyətli 418,8 kilometr, yerli əhəmiyyətli 418,5 kilometr və 44,4 kilometr uzunluğunda Bakı şəhər yolları daxildir. Ötən il Bakıda 40 yeni piyada keçidi təşkil edilib. İl ərzində, həmçinin  Bakıda 40 yeni piyada keçidi təşkil edilib. Paytaxtın 510 nöqtəsində mövcud piyada keçidləri yenilənib.

Hazırda çoxlu sayda layihənin icrası intensiv şəkildə həyata keçirilir. Bu sırada Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolu da var. AAYDA-nınməlumatına görə, bu avtomobil yolunun yenidən qurulması 2025-ci ilin yazında tamamlanacaq.

Müasir yol-nəqliyyat infrastrukturunun qurulması işğaldan azad edilmiş ərazilərdə də geniş vüsət alıb. Bu istiqamətdə artıq mühüm layihələrin icrasına başlanılıb. Bunun nəticəsidir ki, qələbəmizin simvolu sayılan Zəfər yolunun tikintisi cəmi bir ilə başa çatdırılıb və yol artıq istifadədir. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürən 101 kilometrlik Zəfər yolu Şuşa şəhərinə qədər uzanır. Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilən Zəfər yolu Füzuli və Şuşa şəhərləri də daxil olmaqla bu rayonların onlarla yaşayış məntəqəsini əhatə edir. Çətin relyefə malik olan ərazilərdə dolama yolların yerinə körpü və tunellərin tikintisi nəzərdə tutulur.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına dair Tədbirlər Planında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-2026-cı illər ərzində ümumi uzunluğu 2 229  km təşkil edən 20 avtomobil yolu layihəsinin və Laçın rayonunda Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma-partlama və torpaq işlərinin yerinə yetirilməsi nəzərdə tutulub. Prezident İlham Əliyevin şəxsi nəzarəti ilə həyata keçirilən bu yol infrastrukturu quruculuğu işləri müasir standartların tətbiqi ilə reallaşdırılır. Ötən il tikintisi aparılan uzunluğu 66,4 km təşkil edən 39 avtomobil tunelindən uzunluğu 47,9 km təşkil edən 18 ədədində (72,1 faiz) qazma işləri başa çatdırılıb. Həmçinin 2023-cü ildə ümumi uzunluğu 55,8 km olan Laçın şəhərinin küçə və yolları da asfalt-beton örtük tikilməklə bərpa olunub.

Çəkilən yolların kateqoriyası əsasən birinci və ikinci dərəcəli yollardır. O cür çətin dağlıq relyef şəraitində birinci və ikinci dərəcəli yolların çəkilməsi üçün həmin ölkənin iqtisadiyyatı dayanıqlı olmalı, müvafiq qurumlar koordinasiyalı işləməyi bacarmalıdır. Bundan başqa, bu yollarda hərəkətin daha rahat və sadələşdirilmiş şəkildə təşkili üçün ağıllı yol infrastrukturu səviyyəsində qurulması da gözlənilir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində bütün avtomobil yolları iri yaşayış məntəqələrindən kənar keçməklə layihələndirilir. Bu isə həmin yaşayış məntəqələrində məskunlaşacaq əhalinin, həm də yoldan istifadə edəcək vətəndaşların rahatlığı baxımından önəmli aspektlərdən biridir.

Görülən bütün bu işlər onu göstərir ki,  Azərbaycanda aparılan siyasətin mərkəzində vətəndaşın rifahı, onun layiqli həyat səviyyəsi dayanır. İmzalanan sərəncamlar həm də Prezident İlham Əliyevin regionların inkişafını ölkəmizin hərtərəfli tərəqqisinin, həmçinin qeyri-neft sektorunun inkişafının əsası kimi qəbul etməsindən irəli gəlir.

Nigar Orucova, “İki sahil”