29 fevral 2024 18:21
629

Ekran qarşısında keçirdiyiniz vaxtı qısaldın - Nevroloq

Texnologiyanın inkişafı ilə smartfonlar, planşetlər və kompüterlər həyatımızın ayrılmaz hissəsinə çevrilib. Və təbii ki, mavi işıq. Gün ərzində fərqinə varmadan saatlarla mavi işığa məruz qalırıq və bir çoxumuz mavi işığın zərərlərini bilmədiyimiz üçün lazımi tədbir görə bilmirik. Bəs mavi işığın zərərləri nədir və özümüzü bu kimi zərərlərdən necə qoruya bilərik?

“İki sahil” “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə Türkiyəli nevroloq Emir Ruşen danışıb. 

Ekspert bildirib ki, zərərli mavi işığa məruz qalmaq yuxusuzluq, yorğunluq və diqqət dağınıqlığına səbəb olur: “Xüsusilə axşam və gecə saatlarında smartfon, planşet və kompüterdən istifadə etdikdə bu cihazların mavi işıqları yuxu-oyanıqlıq balansını pozur. Gecələr tam yuxuya gedə bilmədikdə isə səhər yorğun oyanırıq. Bu isə gün ərzində əsəbilik, gərginlik və diqqət dağınıqlığına səbəb olur”.

Son illərdə baş ağrılarında ciddi artım müşahidə edildiyini qeyd edən nevroloq bunun da səbəbini məhz zərərli mavi işığa məruz qalmaqda görüb: “Baş ağrıları kimi bir çox nevroloji xəstəliklərin əsas səbəblərindən biri zərərli mavi işıqla  uzun müddət təmasda olmaqdır. Bu isə həyat keyfiyyətini və iş performansını əhəmiyyətli dərəcədə azaldır".

Bəs özümüzü mavi işığın zərərlərindən necə qoruyaq?

E.Ruşen buna da aydınlıq gətirib. Bildirib ki, elektron cihazların qarşısında keçirdiyimiz vaxtı minimuma endirmək bizi mavi işığın təsirindən qoruyacaq. Ekran işıqlarının vücudumuza zərərləri kəşf olunduğu üçün mavi işığın zərərini minimuma endirmək üçün bir çox fərqli sahədə araşdırmalara başlanıldı; bunlardan biri optikadır. İndi mavi işığı süzgəcdən keçirən və birbaşa retinaya çatmasının qarşısını alan eynəklər var. Stolüstü işlərdə çalışan hər kəsə bu eynəklərdən almaq tövsiyə edilir.

Ekspert onu da qed edib ki, mavi işıqların heç də hamısı zərərli deyil. Yəni, günəşdən də sağlam mavi işıq alırıq. Bu səbəblə hər gün günorta yeməkdən sonra mütləq yarım saat və ya 15 dəqiqə günəşli hava qəbul etmək önəmlidir.

Nigar Orucova, “İki sahil”