“Rosiya 1”də yayımlanan “Ən vacibi haqqında” verilişinin yeni buraxılışında rusiyalı oftalmoloq Dmitri Dementyev ultrabənövşəyi, infraqırmızı və mavi işığın gözlərimizə necə təsir etməsindən danışıb və göz sağlamlığını qorumaq üçün düzgün işıqlandırmanı necə seçməklə bağlı məsləhətlərini bölüşüblər.
Müxtəlif spektrlərin işıq mənbələri ilə doymuş müasir dünyada görmə qayğısı getdikcə daha çox əhəmiyyət kəsb edir. Düzgün işıqlandırma yalnız rahatlıq yaratmır, həm də gözümüzün sağlamlığına əhəmiyyətli dərəcədə təsir göstərir.
Zərərli işıqlandırma
Ultrabənövşəyi işıq: Bu, günəş işığında, mikrob öldürücü lampalarda və bəzi digər mənbələrdə olur. UV şüaları retinanın zədələnməsi, katarakta və digər xəstəliklər kimi müxtəlif problemlərə səbəb ola bilər. Ultrabənövşəyi işığa uzun müddət məruz qalma xüsusilə təhlükəli ola bilər.
İnfraqırmızı işıq: Həm də müxtəlif mənbələrdə, o cümlədən istilik lampalarında, bəzi fotosintez lampalarında və s. olur. İnfraqırmızı işıq torlu qişanın mərkəzi hissəsi olan makulaya mənfi təsir göstərərək mərkəzi görmə ilə bağlı problemlər yarada bilər. Göz sağlamlığı üçün vacib piqment olan luteini məhv edə bilər.
Mavi işıq: Mavi işıq mənbələrinə LED lampalar, kompüter monitorları, rəqəmsal cihazlar və smartfonlar daxildir. Mavi işığın qısa dalğa uzunluğu var, bu da onu gözlər üçün daha potensial zərərli edir. Mavi işığa uzun müddət məruzqalma göz yorğunluğuna səbəb ola bilər, yuxunu poza bilər, makula və mərkəzi görmə qabiliyyətinə zərər verə bilər.
Əlverişli işıqlandırma
Faydalı işıq adətən közərmə lampaları, isti tonlu LED lampalar və sarı-narıncı işıq yayan digər mənbələrlə əlaqələndirilir. Parlaq ağ və ya mavi işıq qədər gözləri yormayan rahat atmosfer və yumşaq işıqlandırma yaradır, həmçinin kompüter və ya telefonda işlədikdən sonra gözlərin ümumi vəziyyətinə və istirahətinə faydalı təsir göstərir.
Gözlərin mühafizəsi
Uzun müddət günəşə məruz qaldıqda UV qoruyucu eynək taxın.
Cihaz ekranları qarşısında sərf olunan vaxtı məhdudlaşdırın və otaqda düzgün işıqlandırma təmin edin.
Lampaları və işıq mənbələrini gözlərə təsirinə görə seçin, isti tonlu, sarı işıqlandırmaya üstünlük verin.
Mavi işığa məruz qalmağınızı azaltmaq üçün xüsusi ofis və ya kompüter eynəklərindən istifadə edin.
Nubar Süleymanova, “İki sahil”