06 mart 2024 11:58
1127

Dünyanın ən yaşlı qadını uzun ömür sürməyin sirrini açıqladı: NEQATİV İNSANLARDAN UZAQ OLUN!

Dünyanın ən yaşlı qadını uzun ömür sürməyin sirlərini bölüşüb.

“İki sahil” "Lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə Ginnesin Rekordlar Kitabı məlumat yayıb.

İspaniyada yaşayan 117 yaşlı Maria Branyas Morera 4 mart 1907-ci ildə Kaliforniya ştatının San-Fransisko şəhərində anadan olub. Səkkiz yaşında ailəsi ilə birlikdə İspaniyaya köçərək Kataloniyada məskunlaşıb və bütün ömrünü burada keçirib. Qadın bu illər boyu baş verən pandemiyalardan sağ çıxıb. Lakin o həmin dövrlər barədə “çox ağır xatirələri" olan vaxtlar kimi bəhs edir. 

Morera həkim Joan More ilə evli olub və onların üç övladı dünya gəlib. Qadın 1976-cı ildə dul qalıb. O, həmçinin övladlarından birini, Avqust adlı yeganə oğlunu da itirib. 

Qadın hazırda tarixin ən yaşlı adamları siyahısında 12-ci yerdədir. Onun 118 yaşı tamam olanda beşinci yerə yüksələcək. Yaşının artmasına baxmayaraq, uzunömürlü xanım yüksək əhval-ruhiyyədədir. O, yaşadığı hər günün ona yeni bir şey öyrədə biləcəyinə inanır. 

Yaxşı genetika ilə yanaşı, o, uzunömürlülüyün əsas sirləri kimi nizam-intizamın, sakitliyin, eləcə də ailə və dostlarla vaxt keçirməyin vacibliyini söyləyib. 
Bundan əlavə, o, təbiətdə çox vaxt keçirməyin, narahatlıqdan və peşmançılıqdan uzaq yaşamağın, neqativ insanlardan uzaq olmağın da ömrə təsir etdiyinə inanır.

Günel Cəlilova, "İki sahil"