06 mart 2024 15:44
662

COVID-19-dan necə qorxdusa, 217 dəfə peyvənd olundu

Almaniyada yaşayan 62 yaşlı kişinin həkimlərin əks tövsiyələrinə baxmayaraq 217 dəfə COVID-19-a qarşı peyvənd olduğu bildirilib.

Lancet Infectious Diseases jurnalında dərc edilən məqaləyə görə, peyvəndlər 29 ay ərzində özəl klinikalarda alınıb. Erlangen-Nurember Universitetinin tədqiqatçıları sözügedən adamda heç bir problem olmadığını bildiriblər.

Universitetin Mikrobiologiya fakültəsinin əməkdaşı Kilian Schober deyib: “Biz bu haqda qəzet xəbərlərindən öyrəndik. Sonra həmin adamla əlaqə saxladıq və onu Erlangendə bəzi müayinələrdən keçirmək istədiyimizi bildirdik. O, buna böyük maraq göstərdi.”

Həmin adamdan qan və tüpürcək nümunələri götürülüb, daha sonra ekspertlər son illərdə saxlanılan dondurulmuş qan nümunələrini də araşdırıblar.

Schober sözlərinə bunları əlavə edib: “Biz tədqiqat apararkən, bu şəxsə öz təkidi ilə yenidən COVID-19 peyvəndi vuruldu. Daha sonra immun sisteminin peyvəndlərə reaksiyasını tam müəyyən etmək üçün nümunələrdən istifadə etmək imkanımız oldu.”

Məlumat üçün bildirək ki, Maqdeburq şəhərinin prokuroru sözügedən şəxsin olduğu 130 peyvəndlə bağlı sübutlar toplayıb və saxtakarlıqla bağlı araşdırmaya başlayıb, lakin heç bir ittiham irəli sürülməyib.

Qeyd edək ki, COVID-19 vaksinləri infeksiyaya səbəb ola bilməz, ancaq bədənə xəstəliklə necə mübarizə aparmağı öyrədə bilər. Ribonuklein turşusu olan vaksinlər virusun genetik kodunun bir hissəsini bədən hüceyrələrinə göstərir. Ribonuklein turşusu RNT - genlərdən hüceyrə məlumatının ifrazı, yəni transkripsiya və translyasiya proseslərində, həmçinin genetik ifadə prosesinin tənzimlənməsində birbaşa iştirak edən DNT-yə bənzər nukleotidlərdən ibarət makromolekuldur.

İmmun sistemi daha sonra virusu tanıya bilər və həqiqətən onunla qarşılaşdıqda necə mübarizə aparacağını bilir.

K.Schober immun sistemini bu qədər çox peyvəndlə yükləməyin bəzi hüceyrələri yoracağından narahat idi. Lakin tədqiqatçılar 62 yaşlı kişidə belə bir nəticə tapmayıblar. Onun COVID-19 olduğuna dair heç bir əlamət də yox idi.

Mütəxəssislər həddindən artıq peyvənd olunmağı təşviq etmədiklərini bildirsələr də, bu hal üzərində apardıqları sınaqların ümumi nəticə çıxarmaq üçün kifayət etməyəcəyini vurğulayıblar.

Vüsal Cahanov, “İki sahil”