08 mart 2024 02:37
692

Ac, yoxsa tox yatmaq sağlamlığa daha xeyirlidir?

Əslində bunların heç biri sağlamlığa xeyirli deyil. Ola bilsin ki, indiyə qədər tox mədə ilə yatmağın zərərləri haqqında xəbərlər eşitmisiniz. Bəs ac yatmağın orqanizmə hansı təsirləri olduğunu bilirsinizmi? Bu əslində insandan insana dəyişsə də, ekspertlər ac yatmağın həm sağlamlıq, həm də çəkiyə nəzarət üçün yaxşı vərdiş olmadığı ilə razılaşırlar.

Ac yatmaq yuxunun keyfiyyətini pisləşdirə bilər

Yatağa getdiyiniz zaman qarın gurultusu ilə yuxuya getsəniz belə, beynin aclıqla bağlı stimulları hələ də aktiv olduğu üçün kifayət qədər dərin yata bilməyəcəksiniz. Araşdırmalara görə, yuxu keyfiyyətinin pozulması maddələr mübadiləsinin ləngiməsi, iştahanın artması və immun sisteminin zəifləməsi kimi mənfi nəticələrə səbəb olur. Bu, bəzi xərçəng növləri və diabet üçün risk yaradır. Odur ki, ac yatmaqdansa, yoğurt və şorba kimi sizi doyuran, kalorisi az olan qidaları seçin.

Əzələ kütləsinin azalmasına səbəb ola bilər

Bədəndə əzələlərin inkişafı və bərpası üçün yatmazdan bir neçə saat əvvəl yemək lazımdır. Yuxunun pozulması aclıqla birlikdə əzələlərin zülal kimi ehtiyac duyduğu qidaların qəbulunu da pozur. Təbii ki, bu, idman zalında sərf olunan saatların tam “mükafatlandırılmamasına” səbəb olur. Yatmadan bir neçə saat əvvəl yemək və bol su içmək yuxunuzu tənzimləyəcək və gündəlik idman proqramınızı məhsuldar edəcək.

Çəki artımına səbəb ola bilər

Aclıq həddinə çatana qədər heç bir şey yeməmək qan şəkərini aşağı salır, buna görə də yatarkən bu vəziyyət dəyişmir. Əslində, siz yatarkən qan şəkərin miqdarı qeyri-sağlam səviyyələrə çata bilər və maddələr mübadiləsinə təsir göstərərək çəkiyə nəzarətin itirilməsinə səbəb ola bilər. Unutmayın ki, yatmazdan əvvəl bir tikə tünd şokolad yemək belə ac qalmaqdan yaxşıdır. Çünki o kiçik dişləmə səhərə qədər size tox tutacaq. Digər tərəfdən, yemək və yatmaq da qanda insulin və qlükozanın artmasına və bədəndəki əlavə kalorilərin yağa çevrilməsinə səbəb olur. Buna görə də ideal olan axşam yeməyi ilə səhər yeməyi arasında 12 saat yemək yeməməkdir.

Enerjinizi tükəndirə bilər

Gecə yatarkən vücudunuzun kalori yandırmasını dayandırdığını düşünürsünüzsə, yanılırsınız. Florida Universitetinin apardığı araşdırmaya görə, yatmazdan əvvəl 30 qram zülal qəbul edənlər günə tamamilə acqarına yatanlara nisbətən daha enerjili başlayıblar. Yəni ac yatmaq ertəsi günün enerji səviyyəsinə birbaşa təsir edir.

Əsəbiliyi artıra bilər

Kembric Universitetində aparılan bir araşdırma aclıq və serotonin ifrazı arasında əlaqə olduğunu ortaya qoyub. Başqa sözlə, aclıq beynin qəzəbi idarə edən hissələrində balanssızlıq yaradır. Səhərlər gərgin oyanmağınızın səbəblərindən biri də ac yatmağınız ola bilər.

Nubar Süleymanova, “İki sahil”