“Mercedes” markasının “Daimler Motoren Gesellschaft” şirkətinin nümayəndəsi fransız həvəskar Emil Jellinek sayəsində meydana gəldiyi hamılıqla qəbul edilir. Gottlieb Daimler və Vilhelm Maybax tərəfindən bu marka altında istehsal olunan ilk avtomobillərdən biri “Gooding”də 12,1 milyon dollara hərraca çıxarılıb. Mütəxəssislər bunun klassik avtomobillər üçün rekord olduğunu bildirirlər.
“Mercedes Simplex 60 HP” Jellinekin təşəbbüsü ilə avtomobil qabaqcılları tərəfindən yaradılmış “Mercedes 35 HP” modelinin üst versiyası idi. Əsas üstünlüyü ona 130 km/saat sürətlənməyə imkan verən ən son 9,25 litrlik mühərrikə malik olması idi.
Məhz “Mercedes Simplex 60 HP” Daimler və Maybax avtomobillərinin ikiməqsədli avtomobillər – gündəlik üçün rahat, eyni zamanda çətin yarışlarda çıxış edə bilən maşınlar kimi şöhrətini təmin etdi. 1900-cü illərin birinci yarısında bu model texniki tərəqqi həvəskarları tərəfindən təşkil edilən çoxlu sayda müxtəlif yarışlarda qalib gəldi.
Hərraca çıxarılan avtomobil əvvəlcə yaranmaqda olan sənayenin himayədarlarından biri hesab edilən britaniyalı iş adamı Alfred Harmsvort üçün yığılmışdı. Bu nümunə, məsələn, 1903-cü ildə Nitsada mil yarışında rekorda sahibdir. Bir neçə yarışdan sonra Harmsvort Parisdəki J. Rothschild et Fils atelyesindən öz “Mercedes”i üçün yeni dəbdəbəli kuzov sifariş etdi və bu gün də o, avtomobilin üzərindədir. İş adamının ölümündən sonra avtomobil oğluna miras qaldı və nəsildən-nəslə ötürüldü. İkinci Dünya müharibəsindən sonra altmış ildən çox Avropa muzeylərindən birində sərgiləndi.
Hərrac evinin məlumatına görə, bu avtomobillərdən yalnız beşi bu günə qədər gəlib çatmışdır və əslində Emil Jellinekə məxsus olan biri “Mercedes-Benz” zavod kolleksiyasında saxlanılır. Bundan əlavə, iddia edilir ki, bu nadir nümunə idman uğurlarının ən ətraflı sənədləşdirilmiş tarixinə malikdir. Maraqlıdır ki, “Mercedes Simplex 60 HP” ilk sahibinə verilmiş dövlət nömrə nişanı ilə, yəni Böyük Britaniyanın ən qədim qeydiyyat nişanlarından biri ilə satılıb.
Nubar Süleymanova, “İki sahil”