22 may 2024 23:58
408

Bakıda orta aylıq əməkhaqqı nə qədər olub?

Bakı şəhərinin cari ilin yanvar-aprel ayları üzrə sosial-iqtisadi inkişafına yekun vurulub. Aşağıdakı icmalda nəticələr öz əksini tapıb.

Sənayenin inkişafı haqqında

Bu ilin yanvar-aprel aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 17,7 milyard manat təşkil edib. Sənaye məhsulunun 76 faizi mədənçıxarma, 20,6 faizi emal, 2,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 82,5 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 90,4 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 9,6 faiz təşkil  edib. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 may 2024-cü il vəziyyətinə 551 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Həmçinin sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 32,8 milyon manat məbləğində digər məhsullar da  mövcud olub.

Tikintinin əsas göstəriciləri

Cari ilin yanvar-aprel aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 82,1 faizini tikinti, yenidənqurma və genişləndirmə, 7,6 faizini əsaslı təmir, 4,7 faizini cari təmir, 5,6 faizini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 88,6 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.

Məhsul bazarı

Bu dövrdə ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz artaraq 9920,7 milyon manat olub. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz artaraq 5530,6 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 7,3 faiz artaraq 4390,1 milyon manata bərabər olub. İstehlak məhsullarının 38,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 48,5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,2 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

İctimai iaşə

2024-cü ilin yanvar-aprel aylarında ictimai iaşə dövriyyəsinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,5 faiz artaraq 432,9 milyon manat olub. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 257,8 milyon manat olmuşdur ki, bu da ümumi dövriyyənin 59,5 faizini təşkil edib.

Ödənişli xidmətlər

Həmin dövrdə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,5 faiz artaraq 2508,1 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 2127,0 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 84,8 faizini təşkil edib.

Əməkhaqqı

2024-cü ilin yanvar-mart aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 8 faiz artaraq 1243,7 manat təşkil edib.      

Bakı Şəhər Statistika İdarəsi