“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatına Hesablama Palatasının rəyində ötən il Azərbaycan iqtisadiyyatında 123 milyard 5,5 milyon manat ümumi daxili məhsul (ÜDM) istehsal olunduğu, 1,1 faiz iqtisadi artım qeydə alındığı bildirilib. Qeyd olunub ki, hesabat ilində neft hasilatının azalması fonunda neft-qaz sahələri iqtisadi artıma töhfə verə bilməyib və iqtisadi artım tamamilə qeyri-neft-qaz sahələri hesabına təmin edilib. Neft-qaz sahələrinin iqtisadi artıma azaldıcı təsiri 0,9 faiz bəndi olub. Neft hasilatının və neft-qaz qiymətlərinin əvvəlki illə müqayisədə azalması ilə yanaşı, həm də qeyri-neft-qaz sektorunda artımın müşahidə edilməsi ÜDM-də qeyri-neft-qaz sektorunun xüsusi çəkisinin nəzərəçarpacaq olmasını şərtləndirib. Belə ki, bu sektorun ÜDM-də payı 63,1 faizə yüksəlib.

İqtisadçı Eldəniz Əmirov məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, 2022-ci ilin ümumi göstəriciləri ilə müqayisədə 2023-cü ilin yekunlarını daha məqbul və qənaətbəxş hesab etmək olar. İqtisadi artım göstəricisi 1,1% olsa da, inflyasiya ciddi şəkildə azalıb. Bu da alıcılıq qabiliyyətinin qüvvədə qalması üçün çox ciddi faktordur. Artımın neft sektorunun yox, qeyri-neft sektorunun payına düşməsi, neft qiymətlərinin 2022-ci ildə olan qiymətlərlə müqayisədə yuxarı olmaması və neft hasilat həcmlərinin azalması bu sektordakı ÜDM-in artmasına imkan verməyib. Amma qeyri-neft sektorunda olan iqtisadi fəallıq bu sektorun 1,1% artımına imkan verib.
Prezidentin uğurlu siyasəti sayəsində qlobal geosiyasi çağırışlara rəğmən ötən il Azərbaycanda makroiqtisadi sabitlik və fiskal dayanıqlıq əldə edilib. Hökumət tərəfindən atılan addımlar sayəsində ötən il orta illik inflyasiya birrəqəmli həddə düşüb. İlk dörd ayda illik inflyasiya aşağı olmaqda davam edir.
Eldəniz Əmirov bu məsələ ilə bağlı bildirdi ki, təbii olaraq, antiinflyasiya tədbirləri nəticə etibarilə ötən il infliyasiyanın 8,8% səviyyəsində olmasına kömək edib. Amma bunu tək antiinflyasiya tədbirləri ilə əlaqələndirmək doğru olmazdı. Çünki məhsul idxal etdiyimiz ölkələrdə inflyasiya göstəricilərinin aşağı düşməsi Azərbaycanda da inflyasiyanı aşağı salan əsas faktor olub.
Sayalı Abasova, “İki sahil”
Qeyri-neft ixracında yeni mərhələ: İqtisadi şaxələndirmə siyasəti real nəticələr verir
Əmtəə nişanlarından qanunsuz istifadənin qarşısının alınması ilə bağlı maarifləndirici görüş keçirilib