30 may 2024 11:23
362

Region üçün vacib olan enerji məsələləri Bakı Enerji Forumunun gündəmində olacaq

Bakı Enerji Həftəsi çərçivəsində təşkil ediləcək daha bir mötəbər təbir isə Bakı Enerji Forumudur. Forumda həm Azərbaycan, həm də Xəzər regionu üçün vacib olan enerji məsələləri gündəmdə olacaqdır. Ənənəvi olaraq, foruma 600-dən çox nümayəndənin qatılacağı gözlənilir. Bu ilki tədbirdə “Enerji təhlükəsizliyi və dayanıqlılığa dair beynəlxalq əməkdaşlıq”, “Enerji təhlükəsizliyi 2.0”, “Xəzər regionunda kəşfiyyat və hasilat imkanları”, “Davamlı Enerji: Xəzər regionunda Yaşıl Enerji Potensialı”, “Yeni texnologiyalar və rəqəmsallaşdırma”, “Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu”, “Xəzər regionunda kəşfiyyat və hasilat imkanları”, “Neft axınları: Kross-logistika və Azərbaycanda infrastrukturun inkişafı”, “Uğurlu enerji keçidində insan kapitalının rolu” kimi mövzular müzakirə olunacaqdır.

COP29 ərəfəsində Bakı Enerji Forumunun proqramına “Yaşıl dünya naminə. COP29 strateji inkişaf yolları” adlı xüsusi sessiya da əlavə olunub. Sessiyada məruzəçi qismində iştirak etmək üçün digər ölkələrdən xüsusi  qonaqlar dəvət olunub. Ekoloji problemlər və bu problemlərin Yer kürəsi üçün yaratdığı təhlükələr, onların qarşısının alınması yolları, eləcə də yaşıl enerji kimi mövzular Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər proqramında xüsusi yer tutur. Tullantıların qarşısının alınmasına yönəlmiş prinsiplər toplusu olan “Zero Waste” prinsipinə sadiq qalaraq, 2024-cü ildə də Bakı Enerji Forumu zamanı çap vasitələrindən istifadə minimum səviyyəyə qədər azaldılaraq, əsasən elektron vasitələrə üstünlük veriləcək. Beynəlxalq “Zero Food Waste” təşəbbüsünü dəstəkləyərək, forum zamanı qidadan optimal istifadə prinsipi də tətbiq ediləcək.

Bundan başqa, Bakı Enerji Forumu çərçivəsində “MiniBoss” məktəbinin tələbələrinin “Ecoleaf” adlı startapı nümayiş olunacaq. Startapın ideyası başlıq hissəsində toxum olan qələmlər və tərkibində bitki toxumu olan qeyd dəftərləridir. Forumda iştirak edən nümayəndələrə də bu ekoloji təmiz məhsullar təqdim olunacaq. Ənənəvi olaraq, Bakı Enerji Həftəsi çərçivəsində baş tutacaq tədbirlər zamanı ikitərəfli işgüzar görüşlər (B2B, B2G) keçiriləcəkdir. Burada yerli və xarici şirkətlərin nümayəndələri üzbəüz formatda əməkdaşlıq və gələcək tərəfdaşlıq yollarını müzakirə edə biləcəklər.

Bununla yanaşı, tədbir çərçivəsində Bakı Ekspo Mərkəzinin foyesində “Heydər Əliyev adına yarımdalma qazma qurğusu” maketi, "Mədəni" rəqəmsal kontent müəllifi tərəfindən rəqəmsal rəsmlər toplusu, Qərbi Kaspi Universitetinin “Dizayn” fakültəsindən olan tələbələrin əl işlərindən ibarət sərgi nümayiş olunacaq.
Tədbir çox sayda sponsorlar cəlb edir. Bakı Enerji Həftəsinin baş tərəfdaşı SOCAR-dır.

Orxan Vahidoğlu, "İki sahil"