30 may 2024 21:06
635

Bakı Enerji Həftəsi: Beynəlxalq şirkətlər üçün ideal platforma

İyunun 4-6-da regionun enerji sahəsində mühüm hadisəsi olan Bakı Enerji Həftəsi keçiriləcək.

Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir: 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil&Gas”, 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 29-cu Bakı Enerji Forumu. “Caspian Oil&Gas” və “Caspian Power” sərgiləri Bakı Ekspo Mərkəzində, Bakı Enerji Forumu isə ekoloji konseptdə inşa edilmiş Bakı Konqres Mərkəzində təşkil ediləcək.

Mayın 30-da Bakı Enerji Həftəsinə həsr olunmuş mətbuat konfransı keçirilib.

Mətbuat konfransında Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), eləcə də sərgi təşkilatçılarının nümayəndələri iştirak ediblər. Konfransda “Iteca Caspian” şirkətinin Tədbirlər və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nuru Səfərəliyev, Azərbaycan Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov, SOCAR-ın mətbuat katibi Orxan Hüseynov, “Iteca Caspian” şirkətinin layihə rəhbəri  Aynurə Nəzərli, “Iteca Caspian” şirkətinin layihə meneceri Nailə Əliyeva çıxış edərək Bakı Enerji Həftəsi haqqında məlumat veriblər.

Qeyd olunub ki, Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərə Energetika Nazirliyi dəstək göstərir, SOCAR isə baş tərəfdaş qismində çıxış edir.

Diqqətə çatdırılıb ki, Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkət iştirakını təsdiq edib. Tədbirdə Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belarus, Belçika, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, Əlcəzair, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İraq, İsrail, İsveç, İtaliya, Latviya, Qazaxıstan, Qətər, Macarıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı, Sloveniya, Türkiyə, Ukrayna və Yaponiya iştirak edirlər. İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfədir ki, tədbirə qatılırlar.

Bildirilib ki, bu il Bakı Enerji Həftəsi mühüm beynəlxalq əhəmiyyətli hadisəyə təsadüf edir. Belə ki, bu il respublikanın neft tarixində yeni dövrün əsasını qoymuş “Əsrin müqaviləsi”nin imzalanmasından 30 il ötür. Bu mühüm tədbir Bakı Enerji Həftəsinin proqramında da öz əksini tapacaq. “Əsrin müqaviləsi” görkəmli siyasi və dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin banisi olduğu Azərbaycanın energetika strategiyasının əsas tendensiyasını müəyyən edən və Azərbaycanı dünyanın neft ixracatçılarından birinə çevirən özül hesab edilir. Belə ki, məhz “Əsrin müqaviləsi” ilə müstəqil Azərbaycanın neft strategiyasının əsası qoyulub.

Eyni zamanda, bu il Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil&Gas” sərgisinin təsis edilməsindən 30 il ötür. Azərbaycanda beynəlxalq sərgilərin keçirilməsi təşəbbüsü müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev tərəfindən irəli sürülüb. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyev Azərbaycanın neft-qaz sənayesində ilk ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəkləyib və həmin dövrdən etibarən “Caspian Oil&Gas” sərgisi neft, qaz və energetika sahəsində aparıcı peşəkarların görüş yerinə çevrilib.

Bakı Enerji Həftəsinə əlaqədar dövlət strukturlarının, enerji sahəsində fəaliyyət göstərən şirkətlərin rəhbər şəxsləri, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin başçıları qatılır. Bu il də Bakı Enerji Həftəsində yüksək rütbəli qonaqların iştirakı gözlənilir.

Məlumat verilib ki, ənənəvi enerji resursları sənayesini inkişaf etməkdə olan yaşıl enerji istiqamətləri ilə birləşdirən Bakı Enerji Həftəsi bu sahədə irəliləyişlərə və ən yaxşı təcrübələrə zəmin yaradır. Belə ki, 2024-cü ildə Bakı Enerji Həftəsi daha bir əhəmiyyətli hadisəyə təsadüf edir. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu əlamətdar hadisə Bakı Enerji Həftəsinin tədbirlər proqramında əks olunacaq.

Son vaxtlar Azərbaycan artıq beynəlxalq işgüzar tədbirlərin təşkil edildiyi mərkəz kimi tanınır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər tədbirin təşkilinin Azərbaycana həvalə edilməsi ölkəmizin dünyada beynəlxalq və genişmiqyaslı təbirlərin uğurlu təşkilatçısı statusunu bir daha sübut edir. Belə genişmiqyaslı hadisə ərəfəsində enerji sektoru nümayəndələrini bir araya gətirən Bakı Enerji Həftəsi Azərbaycanın enerji sektorundakı rolunu və dünya enerji təhlükəsizliyinə verdiyi töhfəni bir daha vurğulayacaq.

Vurğulanıb ki, Bakı Enerji Həftəsi öz növbəsində enerji sektorundakı aktual məsələlərin müzakirə edildiyi və enerji sənayesində əhəmiyyətli tərəflərin bir araya gəldiyi bir platformadır. Bu tədbir dünya miqyasında enerji təhlükəsizliyi, enerji istehsalı, nəqliyyat və digər əhəmiyyətli məsələləri müzakirə etmək üçün beynəlxalq nümayəndələri və təşkilatları cəlb edir.

Xəzər regionunun əsas neft-qaz layihələri və bölgədə enerji təhlükəsizliyi “Caspian Oil&Gas” sərgisində müzakirə olunacaq. Sərginin əhatə etdiyi mühüm bölmələrə neft və qaz yataqlarının işlənməsi, neft və qazın nəqli və hasilatı, telekommunikasiya və İT, neft və qaz emalı, enerji sektorunda tikinti-quraşdırma işləri, innovativ texnologiyalar və s. daxildir. Sərgidə süni intellekt, qazma sahəsi, eləcə də neft və qeyri-qaz məhsullarının istehsalı və saxlanması ilə bağlı yeniliklər də təqdim olunacaq.

Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji “Caspian Power” sərgisində isə beynəlxalq və yerli şirkətlərin energetika və bərpaolunan enerji mənbələrinin inkişafı və istifadəsi sahəsindəki yeniliklər və bununla bağlı təkliflər gündəmdə olacaq. Sərgidə günəş enerjisi, külək enerjisi, geotermal enerji, istilik energetikası, nüvə enerjisi, maşınqayırma və enerji avadanlıqları, elektrik nəqliyyat vasitələri və elektromobillər, enerji və resurslara qənaət edən texnologiyalar və digər sektorlar üzrə məhsul və xidmətlər, eləcə də yeni layihələr nümayiş olunacaq. Sərgi çərçivəsində bir sıra sessiyalar və panel müzakirələri də baş tutacaq.

Media təmsilçilərinə məlumat verilib ki, Bakı Enerji Həftəsi çərçivəsində təşkil ediləcək daha bir mötəbər təbir isə Bakı Enerji Forumudur. Forumda həm Azərbaycan, həm də Xəzər regionu üçün vacib olan enerji məsələləri gündəmdə olacaq. Ənənəvi olaraq Bakı Enerji Həftəsi çərçivəsində baş tutacaq tədbirlər zamanı ikitərəfli işgüzar görüşlər (B2B, B2G) keçiriləcək. Burada yerli və xarici şirkətlərin nümayəndələri üzbəüz formatda əməkdaşlıq və gələcək tərəfdaşlıq yollarını müzakirə edə biləcəklər.

Bununla yanaşı, tədbir çərçivəsində Bakı Ekspo Mərkəzinin foyesində “Heydər Əliyev adına yarımdalma qazma qurğusu”nun maketi, “Mədəni” rəqəmsal kontent müəllifi tərəfindən rəqəmsal rəsmlər toplusu, Qərbi Kaspi Universitetinin “Dizayn” fakültəsindən olan tələbələrin əl işlərindən ibarət sərgi nümayiş olunacaq.

Orxan Vahidoğlu, “İki sahil”