"Gənc Aqrosahibkarlar" layihəsi Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməyə hazırlaşdığı üçün xüsusilə aktualdır.
“İki sahil” xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld bu gün keçirilən Birləşmiş Krallığın Xarici İşlər, Birlik və İnkişaf Ofisinin (FCDO) maliyyələşdirdiyi "Gənc Aqrosahibkarlar" layihəsinin açılış konfransında deyib.
Onun sözlərinə görə, COP29-un keçiriləcəyi vaxt dünyanın hər yerindən gələn iştirakçılar Bakıda bir araya gələcəklər: "Bitki elmi və davamlı kənd təsərrüfatı ilə məşğul olanlar da daxil olmaqla, Britaniya tədqiqatçıları, alimləri, biznes strukturları və rəsmiləri bu müzakirəyə qoşulmağa hazırdırlar".
Səfir deyib ki, dünya bir çox mürəkkəb və sürətlə inkişaf edən problemlərlə üz-üzədir: "Əhalinin sayının artması təhlükəsiz və zəngin qida tələb edir. Azalmaqda olan su ehtiyatları daha səmərəli idarə edilməlidir. İqlim dəyişikliyinin təsirləri artıq hiss olunur və kənd təsərrüfatı bunlara davamlılıq yaratmaq üçün uyğunlaşdırılmalıdır. Bu problemlərin böyüklüyünü nəzərə alaraq, kənd təsərrüfatında innovativ yanaşmalar tapmaq indi həmişəkindən daha vacibdir.
Biz həmçinin bilirik ki, gənclər çox vaxt öz yerli icmalarında mənalı və etibarlı iş imkanları tapmaqda çətinlik çəkirlər. Beləliklə, Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi dəyərli tərəfdaşlarımızı maliyyələşdirməkdən qürur duyur".