01 iyun 2024 01:57
420

Sahibkarlığın inkişafı ixrac potensialını artıracaq - Qarabağ və Şərqi Zəngəzur

İşğaldan azad edilmiş ərazilərdə biznes fəaliyyəti müxtəlif dövlət dəstək tədbirləri vasitəsilə stimullaşdırılır. Burada sahibkarların müxtəlif güzəştlər əldə etməsi üçün əlverişli şərait yaradılır. Belə ki, aşağı həddə icarə haqqı tətbiq edilir, dövlət vəsaiti hesabına kommunikasiya və logistik infrastruktur qurulur. Eyni zamanda, infrastruktur elektrik, təbii qaz, içməli və texniki su, sürətli internet, daxili və tranzit yük daşımalarını həyata keçirməyə imkan verən avtomobil və dəmir yolu, eləcə də anbarlardan ibarətdir. Sənaye zonalarının avtomobil və dəmir yolu qovşaqlarının üzərində yerləşməsi yüklərin asan daşınmasına imkan verir. Rezidentlər bu imkanlardan istifadə edərək  investisiya xərclərinə qənaət edir, məhsulun maya dəyərini aşağı sala bilirlər. Həmçinin rezidentlər qeydiyyata alındığı vaxtdan başlayaraq, 10 il müddətinə mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar, müvafiq iqtisadi fəaliyyət sahələri üzrə texnika, texnoloji avadanlıq və qurğuların, xammal və materialların idxalı ƏDV və gömrük rüsumundan azad edilib, məcburi dövlət sosial sığorta haqqı isə subsidiyalaşdırılır.

Bütün bunlarla yanaşı, sahibkarlar bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlər üzrə dövlət zəmanəti və subsidiyadan yararlana bilərlər. İqtisadiyyat Nazirliyinin məlumatında qeyd edilir ki, investisiya layihəsi həyata keçirən sahibkarların məbləği 5 milyon manatadək, müddəti 7 ilədək, illik faiz dərəcəsi 15 faizədək olan biznes kreditlərinin 90 faizədək hissəsinə dövlət zəmanəti verilir. Bu kreditlərin illik faiz dərəcəsinin 10 faiz bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır. Bundan başqa insan kapitalının inkişafı məqsədilə iş yeri işğaldan azad edilmiş ərazilərimizdə olan mütəxəssislərə əlavə məzuniyyət verilir və aylıq vəzifə maaşlarına əlavələr hesablanır.

İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, işğaldan azad olunmuş ərazilərimizdə bütün proseslər sistemli şəkildə təşkil olunub: “O cümlədən burada iqtisadiyyatın inkişaf etdirilməsi ilə yanaşı, insanların öz yurdlarına köçürülməsi prosesinin paralel şəkildə aparılması məsələyə kompleks yanaşıldığından xəbər verir. Eyni zamanda, proseslərin daha böyük sürətlə həyata keçirilməsi onu deməyə əsas verir ki, qarşıya qoyulmuş məqsədə nəzərdə tutulan müddətdə çatmaq mümkün olacaq. Məhz burada sahibkarlıq subyektlərinin fəaliyyətə başlaması və getdikcə inkişaf etdirilməsi orada əhalinin köçürülməsi prosesinin sürətləndirilməsinə xidmət edir. Çünki bölgəyə köçürülmüş insanlar orada işlə təmin olunmalıdır. Sahibkarlıq subyektlərinin fəaliyyəti isə orada infrastrukturun qurulmasından sonra mümkündür. Buna görə də dövlət investisiya layihələri hesabına bu infrastrukturu qurur. Sahibkarlıq subyektlərinin də ərazilərdə fəaliyyətini daha da stimullaşdırmaq üçün dövlət tərəfindən 10 il müddətinə müxtəlif gömrük və vergi güzəştləri tətbiq edilib. Bu vergi güzəştləri istehsal olunan məhsulun rəqabətə davamlı olmasına imkan verəcək. Eyni zamanda, ixrac potensialını artıracaq, yeni texnoloji tətbiqlərin gətirilməsinə, daşınmasına imkan verəcək. Bu isə öz növbəsində iqtisadiyyatın yenidən reinteqrasiyasını təmin etmiş olacaq. İqtisadi reinteqrasiyanın təminatı isə birmənalı olaraq ölkə iqtisadiyyatının vahid orqanizm kimi inkişafına töhfə verəcək”.

Sayalı Abasova, “İki sahil”