Bu, ölkəmizin qüdrətlənməsinə və güclü dövlətlər cərgəsində yer almasına zəmin yaradır
Azərbaycan dövlətinin son 3 il yarımda dünyanı heyrətləndirən hərbi, geosiyasi və sosial uğurlarının əsasını iqtisadiyyatın güclənməsi və onun şaxələndirilməsi təşkil edib. Ulu Öndərin «İqtisdiyyatı güclü olan dövlət hər şeyə qadirdir» tezisini reallığa çevirən Prezident İlham Əliyev yaxşı bilirdi ki, digər sahələrin də inkişafı məhz güclü iqtisadiyyat yaratmaqdan keçir. Ona görə də dövlətimizin başçısı Azərbaycana rəhbərlik etdiyi son 20 ildə ölkəmiz iqtisadi inkişafda çox mühüm uğurlar qazanıb. Məhz 2003-cü ildən 2024 cü ilədək ölkə iqtisadiyyatı 3,4 dəfə, ÜDM 22 dəfə artıb. Qeyri neft-qaz sektorunda ÜDM-in həcmi 2003-cü ildəki 4,4 milyard manatdan 2023 -ci ildə 71,69 milyard manata çatdırılıb. Əgər dövlət büdcəsinin gəlirləri 2003-cü ildə 1 milyard 221 milyon manat idisə, 2024-cü ildə bu rəqəmin 34, milyard 173 milyon manatdan çox olub.
Xüsusi vurğulamaq lazımdır ki, 20 il əvvəl regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrasına başlayarkən Azərbaycan 1,6 milyard ABŞ dolları strateji valyuta ehtiyatlarına malik idi. 2023-cü ildə isə bu rəqəm dəfələrlə yüksəldi. Hal- hazırda valyuta ehtiyatlarımız 67 milyard ABŞ dollarını ötüb. Bundan başqa, sitatistik məlumatlara görə, əgər Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 2003-cü ildə 757 milyon ABŞ dolları olumuşdusa, 2024-cü ilin aprelinədək bu rəqəm 11,660 milyard ABŞ dollarına qədər artıb. Neft Fondunun aktivləri isə bu müddətdə 820 milyon ABŞ dollarından 57, 372 milyard ABŞ dollarına çatıb. Neft Fondunun vəsaitlərinin artımı ölkə iqtisadiyyatına investisiya yatırımlarının yüksəldilməsi üçün də şərait yaradıb. Belə ki, 2003-cü ildə bu göstərici 4,33 milyard manat idisə, 2023-ci ildə investisiyaların ümumi həcmi (bütün mənbələr üzrə) rekord həddə çataraq 30 milyard manata çatıb. Ümumilikdə son 20 il ərzində investisiyaların ümumi həcmi 300 milyard ABŞ dolları təşkil edib.
Ölkəmizin xarici ticarət dövriyyəsi 2003-cü ildə 5,2 milyard ABŞ dolları, 2023-cü ildə isə 57 milyard 212 milyon ABŞ dolları olub. Maliyyə imkanları yaxşılaşdıqca xarici borclanmadan da asılılıq xeyli azalıb. Belə ki, 2003-cü ildə xarici borcun ÜDM-də payı 21,6 faiz olduğu halda, 2023-cü ildə bu 9,5 faiz təşkil edib.
Təbii ki, bu uğurlu iqtisadi inkişafın əsas nəticəsi o oldu ki, Azərbaycan dövləti qüdrətli və yenilməz ordu qurdu. Müqayisə aparsaq görərik ki, Azərbaycanın müdafiə xərcləri 2003-cü ildə cəmi 150 milyon ABŞ dollarına bərabər idisə, 2024-cü ilin dövlət büdcəsində müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi xərclərinə 6, 421 milyard manat ayrılıb.
Digər diqqətçəkən məsələ isə işğaldan azad olunumuş ərazilərdə aparılan sürətli quruculuq, bərpa işləridir. Postmüharibə dövründə Azərbaycanın dövlət büdcəsindən bərpa işlərinə 12 milyard manatdan çox vəsait ayrılıb. Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sürətli bərpa və yenidənqurma işləri həyata keçirilir. Yaşayış binaları, iaşə obyektləri, hava limanları tikilir, yollar çəkilir, kommunikasiya xətləri qurulur, bir sözlə, bu yerlərə həyat qayıdır. Artıq minlərlə keçmiş məcburi köçkün Laçına, Füzuliyə, Zəngilana, Şuşaya, Xocalıya, Suqovuşana qayıdaraq öz doğma torpaqlarında yeni həyata başlayıblar.
Ölkəmizin başçısının aqrar sahədə sahibkarlığın inkişafını stimullaşdıran bir çox qanunları imzalaması və Dövlət proqramlarını təsdiq etməsi nəticəsində bu gün Azərbaycan istehsalı olan məhsullar «Made in Azerbaijan» brendi ilə Asiyadan Avropaya qədər yüzlərlə dövlətə ixrac edilir. Ötən 2003 ildə ixrac olunan kənd təsərrüfatı və emal məhsullarının dəyərinin 166 milyon ABŞ dollarından 2023-cü ildə 912,4 milyon ABŞ dollarına yüksəlib.
Son 20 ildə informasiya- kommunikasiya texnologiyalarının (İKT) inkişafı isiqamtində də böyük uğurlar qazanılıb. Bu dövrdə ölkəmizin beynəlxalq kosmik ailənin üzvü olması ən möhtəşəm uğurlarımızdan biridir. Artıq fəzada müstəqil dövlətimizin peykləri uçur və biz öz kosmik xidmətlərimizi dünyaya ixrac edirik. Ölkəmiz 2003-cü ildə rabitə və İKT-də 93,2 milyon manat gəlir əldə edibsə, 2023-cü ildə bu rəqəm 1 milyard 401 milyon manat olub. Mobil rabitədə abonentlərin sayı 2003-də 1 milyon, 2023-cü ildə isə 11 milyon təşkil edib.
Bu il artıq Azərbaycanın bütün nöqtələrində internet əlçatanlığı təmin olunub, insanlar sürətli internet çıxışı əldə edib. Artıq Azərbaycan əhalisinin 87 faizi internetdən istifadə edir. 2003-cü ildə isə bu rəqəm 5 faiz idi. İnternet şəbəkəsində abonentlərin sayı 2005-ci ildə 400 min nəfər olduğu halda, 2023-cü ildə 9,3 milyon nəfərə çatıb. 2023-cü ilin mart ayında ölkəmizin «Speedtest» Qlobal İndeksində mobil internetin sürətinə görə dünyanın 140 ölkəsi arasında 54-cü yerdə qərarlaşması da təsadüfi deyil.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin son 20 ilin ən böyük iqtisadi, həm də siyasi uğurlarından biri də Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinin həm keçdiyi, həm kəsişdiyi bir məkana çevrilməsidir. Ötən 20 ildə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişi, ölkəmizdəki bütün hava yollarının yenidən qurulması, avtomobil yollarının genişləndirilməsi, Xəzər dənizində üzən gəmi və bərələrimizin sayının artırılması, Bakıda Beynəlxalq Dəniz Limanının işə salınması, Ələt Azad İqtisadi Zonasının yaradılması buna bariz nümunədir. Azərbaycanın bu sahədə də uğurları statistik göstəricilərdə öz əksini tapıb. Əgər 2003-cü ildə ölkəmizdən 110 milyon ton həcmində yük daşınmışdısa, 2023-ci ildə bu rəqəm 219,7 milyon ton olub. Müqayisə olunan dövrdə yükdaşımadan 360 milyon manatlıq, 2023-cü ildə isə 8 milyard 635 milyon manatlıq gəlir əldə edilib.
Bir sözlə, son 20 il ərzində inkişaf edən iqtisadiyyatımızın nəticəsidir ki, , Azərbaycanın modern iqtisadi inkişaf modeli ölkəmizin qüdrətlənməsinə və güclü dövlətlər cərgəsində yer almasına zəmin yaradıb.
Elçin Zaman, «İki sahil»