İyunun 12-də Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatı müstəqilliyimizin memarı, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 15 iyun 1993-cü il tarixində xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışına həsr olunmuş tədbir keçirib.
Partiya fəalı olan bir qrup ağsaqqal və gənc Daşkəsən şəhərinin mərkəzində yerləşən dahi şəxsiyyət Heydər Əliyevin heykəli önünə toplaşaraq Ulu Öndərin ruhuna dualar oxuyublar, abidənin önünə tər-çiçəklər qoyublar. Sonra Ümummilli Liderin hakimiyyətə qayıdışından, məhz bundan sonra ölkəmizdə qeyri-sabitliyin aradan qaldırılmasından və milli birliyin təmin olunmasından söhbət açılıb.
Bildirilib ki, 2021-ci ilin 15 iyun tarixində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması iki dost ölkənin qardaşlığını bütün dünyaya göstərən bir mesaj oldu. Bu gün də iki qardaş ölkənin münasibətlərinin daha da yüksək səviyyədə inkişafının şahidi oluruq.
Söhbət əsnasında qeyd edilib ki, Rusiya sülhməramlıları tamamilə Azərbaycan ərazisindən çıxaraq öz ölkələrinə gediblər. Tədbirdə iştirak edən hər kəs bu münasibətlə bir-birini təbrik ediblər.
Yekunda Yeni Azərbaycan Partiyasının üzvlüyünə yeni qəbul olunanlara partiya vəsiqələri təqdim edilib.
Cavid Əkbər, "İki sahil"