03 iyul 2024 17:30
439

Yayda evdə hazırlanan soyuq içki ilə tanış olun - SİZƏ ÖZƏL

İsti havalarda bol maye qəbul etmək hamımız üçün həm qaçılmaz, həm də çox zövqlü bir ehtiyacdır. Elə isə, bu yay sizi və yaxınlarınızı standart məhsullardan uzaqlaşdıracaq və onları təbii ləzzətlərlə tanış edəcək təklifləri təqdim edirik.

Qırmızı gavalı kompotu

Yay boyu müxtəlif növlərini asanlıqla tapa biləcəyiniz bu ləzzətli meyvə doğru hazırlandıqdan sonra unikal içkiyə çevrilə bilər. Demək olar ki, hər kəsin süfrələrində olan kompotlar albalı, şaftalı, üzüm, ərik kimi müxtəlif yay meyvələrindən hazırlana bildiyi kimi, bütün yay mövsümü boyunca mövcud olan gavalı ilə gözəl nəticə əldə etmək olar. Yetər ki, yaxşıca yuduğunuz qırmızı gavalıları bol su ilə bir qazana qoyun, şəkər və iki ədəd mixək əlavə edib qaynadın. Meyvələr yumşalanda sobanı söndürün, soyuyanda soyuducuya qoyun və istədiyiniz zaman ləzzətli təravətləndirici olaraq qəbul edin.

Şaftalılı limonad

Yayın ən ətirli iki məhsulu bir araya gəlsə, hansı içkini əldə edərdiniz? Bu sualın cavabı asanlıqla şaftalılı limonad ola bilər. Bir limonun suyunu sıxın və qabığını xırdalayıcıdan keçirin və bir az su və bir stəkan şəkərlə qaynadın. Bir kilo şaftalının qabığını soyub blenderdən keçirdikdən sonra su ilə qaynayan qarışığa əlavə edin. Qarışığa iki budaq kəklikotu qarışdırdıqdan sonra soyuducuda sərinlədin. Qonaqlarınız da bu qarışımı bəyənəcəklər.

Çiyələkli, südlü kokteyl

Çiyələkli hər şey mənim üçün sevimlidir deyirsinizsə, onda sizin üçün praktik resept. Çiyələkləri blenderə qoyun və yaxşıca doğrandıqdan sonra bir stəkan süd, iki xörək qaşığı hazır çiy qaymaq və 3 xörək qaşığı şirin yoqurt əlavə edib qarışdırmağa davam edin. İsti günlər üçün hazırladığınız həmin möcüzəli qarışıma bol buz əlavə edib çiyələk dilimləri ilə bəzəyərək həzz ala bilərsiniz!

Qarpızlı smuzi

Yay fəsli və isti günlər gələndə ağlımıza qarpız kimi təravətləndirici başqa hansı meyvə gələ bilər? Bu dəfə bu ləzzətli meyvəni stəkanda görməyə nə deyirsiniz? İki dilim qarpızın toxumlarını çıxarın, böyük parçalara ayırın və blenderdən keçirin. Üzərinə 8-10 ədəd buz əlavə etdiyiniz qarpız suyuna vanilli dondurma qoyun və hamısını yaxşıca qarışdırın. Buzlu qarpızlı smuziniz hazırdır. Qarışıqdakı qarpız və dondurmanın miqdarını öz zövqünüzə uyğun tənzimləyərək müxtəlif konsistensiyalara malik qarpızlı smuzi əldə edə bilərsiniz.

Dondurmalı soyuq qəhvə

Qəhvəni sevdiyinizi deyirsinizsə, amma yayın istisində çox içə bilmirsinizsə, bu yay sizin üçün həll yolu budur: Dondurmalı soyuq qəhvə. İki çay qaşığı dənəvər qəhvəni soyuq süddə həll edin. Süfrəyə iki qaşıq vanilli dondurma qoyun və hazırladığınız qarışığı dondurmanın üzərinə əlavə edin. Kakao tozu ilə bəzəyə biləcəyiniz dondurmalı qəhvəniz artıq hazırdır.

Evdə hazırlanmış soyuq içki reseptlərini sınamağı və yay boyu bu təravətləndirici ləzzətləri bütün sevdiklərinizlə bölüşməyi unutmayın!

Orxan Vahidoğlu, “İki sahil”