Azərbaycan investisiya qoymaq üçün yüksək perspektivli ölkələrdən biridir
“Financial Times” qrupunun “FDI Intelligence” nəşri investisiya qoymaq üçün yüksək perspektivli ölkələrin TOP-10 reytinqini açıqlayıb. Azərbaycan 82,05 bəndlə 7-ci yeri tutub. Siyahıda I yerdə Kamboca, II yerdə Filippin, III yerdə isə Keniya qərarlaşıb. İqtisadi stabillik, qlobal tendensiyalara müntəzəm olaraq uyğunlaşan qanunvericiliyin yaratdığı əlverişli investisiya mühiti, o cümlədən alternativ enerji sektorunun inkişafı TOP 10-luğa daxil olan ölkələri fərqləndirən əsas amillərdir. Tədqiqat Beynəlxalq Valyuta Fondu və xarici investisiyaların monitorinqi üzrə “Financial Times”ın xidməti olan “fDi Markets”in məlumatlarından istifadə edilməklə ən cəlbedici 50 ölkənin makroiqtisadi və xarici investisiyalar üzrə göstəriciləri qiymətləndirilərək aparılıb. 2023-cü ildə Azərbaycanın qeyri-neft iqtisadiyyatına birbaşa olaraq 2 milyard ABŞ dollarından çox xarici investisiyalar yatırılıb. Bu da indiyədək qeydə alınan ən yüksək göstəricidir.
Təsadüfi deyil ki, Azərbaycan hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması ilə bağlı çoxsayda saziş imzalanıb. Avropa İttifaqının 20-dən çox üzv ölkəsi ilə respublikamız arasında ikiqat vergitutma aradan qaldırılıb. Bu və digər tədbirlərin nəticəsində son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox xarici investisiya yatırılıb. Belə bir göstərici isə ölkəmizdə mövcud olan davamlı makroiqtisadi və maliyyə sabitliyi nəticəsində əldə edilən daxili və xarici investisiya fəallığını şərtləndirib.
Sağlam və şəffaf biznes mühitinin yaradılması ölkəyə yüksək texnologiya və bilik gətirən birbaşa xarici investisiyaların axınını stimullaşdırıb. Azərbaycanın beynəlxalq müstəvidə ikitərəfli əməkdaşlıq çərçivəsində 30-dək ölkə ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş imzalaması da iqtisadiyyata yatırılan daxili və xarici investisiya həcminin artırılmasını sürətləndirib. Azərbaycanda iqtisadi artımın getdikcə yüksəlməsi, qeyri-neft sektorunda nəzərə çarpan müsbət tendensiyalar, eləcə də biznesin davamlı olaraq şəffaflaşması da investisiya qoyuluşuna ciddi töhfə verir. Bu məsələdə həyata keçirilən iqtisadi islahatların, səmərəli vergi inzibatçılığının və əlverişli biznes mühitinin təmin edilməsi, cəmiyyətdə vergi mədəniyyətinin formalaşması əsaslı rol oynayır. Yeri gəlmişkən, bu gün əldə olunan fiskal nəticələrdə iqtisadi artımla yanaşı, şəffaf münasibətlərin qurulması, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması kontekstində atılan addımlar da xüsusi diqqət çəkir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin məlumatına əsasən, Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna son 5 ildə cəlb olunan birbaşa xarici investisiyaların həcmi 5 milyard dolları ötüb.
Böyük Britaniyanın “Financial Times” qrupunun “FDI Intelligence” nəşrində 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin TOP-100 reytinqi açıqlanıb və Bakının reytinq sıralamasında 3-cü yerdə qərarlaşdığı bildirilib. İqtisadiyyat Nazirliyi sözügedən nəşrin dərc etdiyi məqaləyə əsaslanaraq Azərbaycana birbaşa xarici investisiya yatırılması ilə bağlı ötən il əldə edilmiş razılaşmaları 2017-ci ildən sonrakı dövrdə ən irihəcmli layihələr kimi diqqətə çatdırıb və bir neçə mühüm logistika layihələri ilə yanaşı, 2023-cü ildə Bakıya təkcə Macarıstanın “Hell Group” şirkəti tərəfindən 211 milyon dollar sərmayə yatırılacağına dair sazişin imzalanmasını bunun bariz ifadəsi kimi dəyərləndirib.
Qeyd edək ki, ötən il Bakıda iqtisadiyyat naziri Mikayıl Cabbarov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun iştirakı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) və Macarıstanın “Hell Group” şirkəti arasında Birgə İştirak Müqaviləsi imzalanıb. Sənəddə Ələt Azad İqtisadi Zonasında illik istehsal gücü 700 milyon ədəd alüminium içki qutusu təşkil edəcək yeni zavodun tikintisi nəzərdə tutulub. İstehsal olunacaq məhsulların daxili tələbatı ödəməklə yanaşı, Mərkəzi Asiya ölkələrinə də ixrac edilməsi qərara alınıb. Layihədə 300-dən çox iş yerinin yaradılması da planlaşdırılıb. Həmçinin ötən il Sumqayıt Kimya Sənaye Parkında Prezident İlham Əliyevin iştirakı ilə “Azərbaycan Vanhong Ceramics Co” MMC-nin keramik plitələr istehsalı müəssisəsinin açılışı olub. 100 faiz Çin kapitallı müəssisəyə 50 milyon dollar məbləğində investisiya yatırılıb və 500-ə yaxın yeni iş yeri yaradılıb.
Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, Azərbaycanda yaradılan əlverişli biznes və investisiya mühiti bir çox xarici investorları ölkəmizə cəlb edir, iqtisadiyyatın bir çox sahələrində önəmli layihələr icra olunur, yeni iş yerləri yaradılır. Son bir neçə ildir ki, ölkəmizdə milli iqtisadiyyatın investisiya cəlbediciliyi baxımından uğurlu islahatlar həyata keçirilir. Dünyanın aparıcı təşkilatlarının hesabatlarında iqtisadiyyatımızın sürətlə inkişaf etdiyi, iqtisadi göstəricilərə görə lider ölkələr sırasına çıxdığı göstərilir.
Sevinc Azadi, “İki sahil”
Saatlıda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
Qaxda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib