Ərzaq bolluğunun yaradılması artıq kəndlinin işgüzarlığından və torpağa bağlılığından asılıdır
Fermerlərə ərzaq bolluğunun yaradılması istiqamətində göstərilən dövlət dəstəyi də hər il artırılır. Xüsusilə ölkəmizdə 3 il əvvəl tətbiqinə başlanılan aqrar sığortanın əhatə dairəsi davamlı olaraq genişləndirilir. Belə ki, son bir ildə Aqrar Sığorta Fondunun fermerlərə ödənişləri xeyli artıb. Fermerlər ötən il adı çəkilən fonddan 4 milyon manat həcmində sığorta ödənişi alıblar ki, bu da 2021–2022-ci illərdəki vəsaitdən 2 dəfə çox olub.
Bundan başqa, son illər kənd təsərrüfatı məhsullarının ciddi artımına nail olmaq üçün tətbiq olunan güzəştlərin həcmi genişlənib. Bu güzəştlər çərçivəsində bir sıra texnika və texnoloji avadanlıqlar idxal rüsumundan azad edilib, satışı subsidiyalaşdırılıb. Məsələn, fermer tərəfindən texnikanın ilkin dəyərinin 20 faiz ödənildikdə, büdcə vəsaiti hesabına idxal dəyərinin 40 faizi həcmində güzəşt edilir. Eləcə də müasir suvarma sistemləri dəsti və avadanlığının, soyuducu anbar və avadanlıqlarının alışına dövlət büdcəsi hesabına 40 faiz güzəşt olunur.
Hazırda ölkəyə idxal edilən, həmçinin yerli damazlıq təsərrüfatlardan satılan safqanlı cins damazlıq heyvanların qiymətinin 60 faizi dövlət büdcəsi hesabına subsidiyalaşdırılır, lizinq yolu ilə güzəştli satışı həyata keçirilir. Yerli heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə süni mayalanma yolu ilə alınan hər buzova görə 100 manat, hər arı ailəsinə görə 10 manat məbləğində subsidiya verilir.
Həmçinin torpaq-iqlim potensialından və su ehtiyatlarından daha səmərəli istifadəni stimullaşdırmaq, ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsini yüksəltmək üçün Azərbaycan Prezidentinin 2022-ci il iyulun 9-da imzaladığı «Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında» Fərman imzalayıb. Fərmana görə, ərzaqlıq buğdanı Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verən fermerlərə subsidiyalar ödənilir.
Aqrar sahəyə göstərilən dövlət dəstəyinin nəticəsi olaraq son illərdə kənd təsərrufatı texnikası parkı yenilənib, aqrotexniki xidmətlərə əlçatanlıq təmin edilib. Toxum, gübrə və pestisid kimi istehsal vasitələri ilə təminat səviyyəsi artıb, kənd təsərrüfat sahəsinin infrastruktur və təchizat bazası genişlənib. Həyata keçirilən bütün bu tədbirlərin nəticəsidir ki, aqrar sektorda istehsal göstəricilərinin yüksəlməsi davamlı xarakter alıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən il ölkəmizdə 11 milyard manatdan çox kənd təsərrüfatı məhsulu istehsal edilib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz çoxdur.
Bundan başqa, fermerlərə vergi istiqamətində də dövlət dəstəyi davam etdirilir. Belə ki, Vergi Məcəlləsində son dəyişikliyə əsasən, cari ildən ölkədə yem və yem əlavələrinin satışı üzrə dövriyyələr daha 3 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilib. Başqa sözlə, ölkədə siyahısı Nazirlər Kabineti tərəfindən təsdiqlənən yem və yem əlavələrinin satışı üzrə dövriyyələrə tətbiq olunan ƏDV-dən azadetmənin müddətinin 2027-ci il yanvarın 1-nə kimi uzadılması qərara alınıb. Həmçinin heyvandarlıq və quşçuluq təsərrüfatlarında işlədilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr də tam olaraq ƏDV-dən azad edilib.
Qeyd edək ki, bütün bu güzəştlər xüsusən də heyvandarlığın inkişafına öz təsirini göstərəcəkdir. Vergi güzəştləri həm də ölkədə istehsal edilən mal, qoyun və quş ətinin bahalaşmasının qarşısını almağa hesablanıb. Sözügedən məcəlləyə edilən digər bir dəyişikliyə əsasən, cari ildən Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 3 il müddətinə ƏDV-dən azad edilib. Bu güzəştin də müddəti də 2027-ci il yanvarın 1-nə kimi uzadılıb.
Ümumiyyətlə, son illər ərzində aqrar sahədə sahibkarlığın inkişafını stimullaşdıran bir çox qanunlar qəbul edilib, çoxsaylı fərmanlar imzalaıb və Dövlət proqramları təsdiqlənib. Təbii ki, bütün bunlar kənd təsərrüfatının inkişafını şərtləndirib. Bundan başqa, respublikada istehsal olan məhsulların «Made in Azerbaijan» brendi adı ilə dünyanın bir çox ölkəsinə ixracına başlanıb və müsbət göstəricilər əldə edilib. Belə ki, statistik göstəriciyə əsasən, 2003-cü ildə ixrac edilən kənd təsərrüfatı və emal məhsullarının dəyərinin 166 milyon ABŞ dollarından 2023-cü ildə 912 milyon ABŞ dollarına yüksəlib.
Ölkəmizdə ərzaq təhlükəsizliyindən bəhs edərkən bir məsələni də vurğulamaq lazımdır. Hökumət artıq ərzaqlıq buğda istehsalçılarının aldığı kreditlərə dövlət zəmanətinın inkişafında meliorasiya layihələrinin icrası da əhəmiyyətli rol oynayıb. Belə ki, son 10 ildə dövlət büdcəsi vəsaitləri hesabına 390 min hektardan çox sahədə torpaqların su təminatı yaxşılasdırılıb, 188 min hektar sahə yeni suvarılan torpaqlar qrupuna əlavə edilib. Həmçinin suvarılan sahələrdə müvafiq dövlət dəstəyi hesabına tətbiq olunan müasir suvarma sistemlərinin payı artıq 5 faizdən çox yüksəlib.
Aqrar sahədə həyata keçirilən bütün bu və digər tədbirlər nəticəsində 2022-ci illə müqayisədə 2023-cü ildə müəyyən artım göstəriciləri qeydə alınıb. Məsələn, statistik rəqəmlərə diqqət yetirəndə görürük ki, hesabat dövründə respublikada təqribən 12 milyard manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Bu rəqəm 2022-ci illə müqayisədə 3,1 faiz çox olub. Bundan başqa, son bir ildə ölkədə istehsal olunan bitkiçilik məhsullarının dəyəri 2,8 faiz artaraq 5 milyard 842 milyon manata, heyvandarlıq məhsullarının dəyəri isə 3,3 faiz artaraq 5 milyard 728 milyon manata yüksəlib.
Bütün bunlara rəğmən demək olar ki, dövlətimizin fermerlərə göstərdiyi maliyyə, hüquqi və texniki dəstək genişdir. Bundan sonrası qalır Azərbaycan kəndlisinin işgüzarlığına və torpağa bağlılığına…
Elçin Zaman, «İki sahil»
Saatlıda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
Qaxda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib