22 sentyabr 2024 22:15
75

“Mançester Siti” son dəqiqədə məğlubiyyətdən xilas olub

İngiltərə Premyer Liqasının 5-ci turu çərçivəsində “Mançester Siti” Londonun “Arsenal”ı ilə sülhə razılaşıb.

“İki sahil” xəbər verir ki, “Siti of Mançester” stadionunda baş tutmuş oyunu baş hakim Maykl Oliver idarə edib. “Mançester Siti”nin qollarını Erlinq Holann (9-cu dəqiqə) və Con Stounz (90+8) vurub. “Arsenal”ın heyətində isə qolları Rikkardo Kalafiori (22) və Qabriel (45+1) vurub. Holann “Mançester Siti”də 100-cü qolunu vurub, norveçli hücumçu klubda 105-ci oyununu keçirib. İlk hissəyə əlavə edilmiş səkkizinci dəqiqədə “Arsenal”ın hücumçusu Leandro Trossard ikinci sarı vərəqə alaraq meydandan qovulub.

Qeyd edək ki, “Arsenal” 2015-ci ilin yanvarından Premyer Liqada “Mançester Siti”yə səfərdə qalib gələ bilmir. Bu müddətdə “topçular” 7 dəfə məğlub olub və 3 dəfə heç-heçə edib.

“Şəhərlilər” 13 xalla turnir cədvəlinə başçılıq edir. Növbəti pillələrdə isə “Liverpul” (12), “Aston Villa” (12) və “Arsenal” (11) qərarlaşıb. Növbəti turda “Arsenal” sentyabrın 28-də “Lester”i qəbul edəcək, “Mançester Siti” isə həmin gün səfərdə “Nyukasl”la qarşılaşacaq.