Dünyanın bir çox ölkələrində iqlim dəyişikliyinin fəsadlarının nə dərəcədə neqativ bir hadisə olduğu başa düşülmür.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov "İqlim Dəyişmələri və Ədalətli Keçid: Həmkarlar İttifaqlarının Rolu və Fəaliyyətləri" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, hazırda dünyamız üçün ən böyük çağırışlardan biri iqlim dəyişikliyidir.
“İqlim dəyişikliyi yalnızca təbiətin korlanması deyil. Bu həyatımızın hər sahəsinə təsir edir və dağıdıcı fəsadlar törədir. Biz bunun qarşısını almasaq riskləri daha da artacaq. Az inkişaf etmiş ölkəkər bu risklərə daha çox məruz qalacaq.
Onu da qeyd edək ki, Azərbaycanın ev sahibliyi edəcəyi COP29-da bütün bu məsələlərə diqqət ayrılacaq və həll yolları axtarılacaq”,- deyə o bildirib.
Qeyd edək ki, Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), Beynəlxalq Əmək Təşkilatı (BƏT-ACTRAV), Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) və Pan-Avropa Regional Şurasının (PARŞ) birgə təşkilatçılığı ilə "İqlim Dəyişmələri və Ədalətli Keçid: Həmkarlar İttifaqlarının Rolu və Fəaliyyətləri" mövzusunda beynəlxalq konfrans keçirilir.
Tədbirdə Azərbaycanın hökumət nümayəndələri, AHİK-in və üzv təşkilatların rəhbərliyi və əməkdaşları, BƏT-ACTRAV, BHİK və PARŞ-nin rəsmi şəxsləri, eləcə də Avropa, Asiya və Afrikanın müxtəlif ölkələrinin həmkarlar ittifaqlarının rəhbərləri və nümayəndələri, habelə Azərbaycanın iqlim siyasəti üzrə ekspertləri, ekoloji fəallar, sahibkarlar, özəl sektorun və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir.