11 oktyabr 2024 09:21
618

Azərbaycan özünü qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizə aparan dövlət kimi özünü tanıdıb

Hazırda iqlim dəyişikliyi elə problemlər yaradıb ki, bütün dünya ölkələri vahid mövqedən çıxış etməli, həll yolları tapmaqda maraqlı olmalıdırlar

COP29 yaxınlaşdıqca Cənubi Qafqazda Ermənistanın əli ilə möhkəmlənməyə çalışan, təcavüzkarı durmadan silahlandıran, Azərbaycana yarımçıq sülh müqaviləsini imzalatmağa cəhdlər göstərən Qərb, o cümlədən ABŞ ölkəmizə qarşı qarayaxma kampaniyalarını genişləndirib. Azərbaycan hər dəfə beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi etməyə hazırlaşanda belə iyrənc cəhdlər müşahidə edirik. Aydındır ki, bütün bu hoqqabazlıqlar ölkəmizdə keçiriləcək COP29-a kölgə salmaq və Azərbaycanın dünyəvi imicinə zərbə vurmaq cəhdidir. Azərbaycana qarşı qərəzli münasibəti ilə tanınan, ermənipərəst mövqelərini gizlətməyən bəzi beynəlxalq qurumlar, xüsusilə də erməni lobbisi ilə sıx işbirliyində olan “Freedom House”, “Human Rights Watch” və digərləri COP 29 ərəfəsində ölkəmizə qarşı apardıqları ləkələmə kampaniyasının miqyasını son günlər daha da genişləndiriblər.  Erməni lobbisinin çirkli pulları ilə bəslənən bu cür qərəzli təşkilatlar “insan haqları”, “demokratiya”, “vətəndaş cəmiyyəti” məfhumlarından   bu gün də ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər.

Azərbaycan bütün addımlarını beynəlxalq qanunlar çərçivəsində atıb. Ona görə də bu gün heç kimin bizdən nəyinsə hesabını soruşmağa haqqı yoxdur. Əgər kimsə hesabat verməlidirsə bu, erməni lobbisinin oyuncağına çevrilmiş fransız senatorlar, rüşvətxor holland deputatlar, Avropa Parlamentinin ədalət hissini itirmiş parlamentariləridir. Çünki Azərbaycanın illər boyu əziyyətini çəkdiyi keçmiş Qarabağ münaqişəsinin mövcudluğunda, Cənubi Qafqazda bu gün də sülhün bərqərar olmamasında Ermənistan qədər də onlar günahkardırlar.  COP29-un Azərbaycanada keçirilməsində maraqlı olmayan bu tədbirin baş tutmasına hər vəchlə mane olmağa çalışan,  guya səmərəli keçməyəcəyini söyləyən Fransa prezidenti Emmanuel Makron yeni üsula əl atıb. O, COP29-un fəal üzvlərinə təsir etməklə onları Bakıda baş tutacaq mötəbər tədbirdən yayındırmağa cəhdlər göstərir.  Makron  ölkəmizlə səmərəli əməkdaşlıq edən Nigeriyanın nümayəndə heyətini Bakıya gəlməkdən çəkinməyə səsləyib. Ancaq sözügedən ölkənin Prezidenti Asivaju Bola Ahmed Tinubu ermənipərəst Makronun hədə və tələblərinə baxmayaraq tədbirdə iştirak edəcəyini birmənalı şəkildə bildirib. Bununla da o, Azərbaycanla səmərəli əməkdaşlığa sadiq olduğunu bir daha ortaya qoyub. Bu isə o deməkdir ki, demokratiyaya can atan ölkələr Azərbaycanın haqq yolunda olduğunu yaxşı dərk edir və yeri gələndə onu dəstəkləyirlər.

Beynəlxalq tədbirlərin təşkilində ölkəmiz bir qayda olaraq öz standartlarını müəyyənləşdirir və istənilən proses üçün yeni bir mərhələyə, bəlkə də başlanğıca yol açır. COP29 isə şübhəsiz ki, ölkəmizin bu statusunu daha da möhkəmləndirəcək, eyni zamanda, Bakı dünyanın bu günü və gələcəyi ilə bağlı ən mühüm mövzuların müzakirə ediləcəyi əvəzolunmaz məkana çevriləcək. Azərbaycan COP29-un timsalında bütün planeti narahat edən məsələlərin müzakirəsinə ev sahibliyi edəcək. Hazırda iqlim dəyişikliyi elə problemlər yaradıb ki,  bütün dünya ölkələri vahid mövqedən çıxış etməli, həll yolları tapmaqda maraqlı olmalıdırlar. Əsasən də ABŞ dünyanın supergücü kimi bu məsələdə öndə getməli, təşəbbüskarlıq göstərməlidir. COP-un gündəliyi olduqca aktual məsələlərlə zəngindir. İqlim maliyyəsindən tutmuş neokolonializm probleminə qədər çoxsaylı mövzuların müzakirəsinə bu platformada imkan yaranacaq. COP29-a sədrliyi çərçivəsində Azərbaycanın həm ölkə daxilində, həm xaricdə keçirdiyi tədbirlər buna nümunədir. Ölkəmizin bu tədbirə ev sahibi kimi seçilməsi həm də onu göstərir ki, Azərbaycan qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizə aparan dövlət kimi özünü tanıdıb. Tədbir çərçivəsində Azərbaycanın bərpaolunan enerji mənbələrinin inkişafı, "yaşıl enerji"yə keçid və iqlim dəyişiklikləri ilə mübarizədə qarşısına qoyduğu məqsədlər və bu istiqamətdə gördüyü tədbirlər daha böyük auditoriyanın diqqətinə çatdırılacaq.

Məlumdur ki, Azərbaycan 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payını 30 faizə çatdırmağı qarşısına məqsəd qoyub. Artıq Azərbaycan Gürcüstan, Macarıstan və Rumıniya ilə Qara dənizin dibi ilə sualtı kabel vasitəsilə yaşıl enerjinin Avropaya ixracı layihəsini icra etməkdədir. Bu layihə işə düşdükdən sonra Azərbaycan Avropanın əsas yaşıl enerji təchizatçılarından birinə çevriləcək.  Bu da  ölkəmizin gələcəkdə siyasi mövqelərinin güclənməsinə daha çox xidmət göstərəcək.

Şəmsiyyə Əliqızı, “İki sahil”